Şəhid ailələri və veteranlara hansı güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin Fərmanı, icra hakimiyyətlərinin sərəncamları var.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov deyib ki, nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı ordan öyrənə bilərlər: “Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndçiyə iki inək verirsən, ona bir illik qarantiya da verin. Heç olmasa üç aylıq da onun yeməyini verin. Çünki kəndçi onu ehtiyacdan alır.
Eyni zamanda müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlilliklə təyinatı almaq üçün müraciət edirlər. Ola bilər hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa bunu dərk edə bilməzsən. 5 dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, elektron şəkildə şəhid ailəsi üçün imtiyazlar mövcuddur: "Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".