AZ

QMİ sədri BMT-nin ali nümayəndəsi ilə görüşüb - Fotolar

QMİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün səfərdə olduğu Portuqaliyada BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb.

Bu barədə Reyting.az-a QMİ-nin Mətbuat Xidmətindən bildiriblər.

Məlumata görə, Moratinos Paşazadənin Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, QMİ sədrinin müdrik fikir və yanaşmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycanda yenicə başa çatmış COP29 münasibətilə səmimi təbriklərini Azərbaycan prezidentinə yetirməyi Şeyxülislam A. Paşazadədən rica edən M. A. Moratinos BMT tədbirinə uğurlu təşkilini xüsusi qeyd edib. Bildirib ki, müxtəlif fikirlərə rəğmən, COP29 Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə baş tutub.

A. Paşazadəni COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə təbrik edən M. A. Moratinos şəxsən iştirak etdiyi bu tədbirlə bağlı müxtəlif iştirakçılardan və nümayəndə heyətlərindən müsbət rəylər aldığını məmnunluqla vurğulayıb. O, dini liderlərin Qarabağa geniş tərkibdə səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Moratinos xüsusi qeyd edib ki, hər iki qlobal tədbir Azərbaycan lideri İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.

A. Paşazadə, öz növbəsində, M. A. Moratinosa qlobal tədbirə dəvətə görə minnətdarlığını ifadə edib. Həmçinin, BMT Baş katibi Quttereşə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanlı videomüraciətinə görə təşəkkürlərini bildirib. Moratinos bu təşəkkürləri Şeyxülislamın X Qlobal Sammit çərçivəsində BMT Baş katibinə şəxsən bildirmək imkanına malik olacağını qeyd edib. Cənab Moratinos Şeyxülislamın «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında və «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxışlar edəcəyinə toxunaraq, plenar toplantının olduqca mühüm əhəmiyyət daşıdığına işarə edib. BMT Sivilizasiyalar Alyansı rəsmisinin Qarabağı tərk etmiş erməniləri əcdadlarının qəbirlərini ziyarət edə biləcəkləri ilə bağlı sualına cavab olaraq bildirilib ki, bu məsələ yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər.

Paşazadə BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş X Qloal Forumda gələcəkdə siyasi liderlərlə yanaşı dini liderlərin də birgə iştirak edəcəkləri qlobal forum keçirilməsi və BMT Sivilizasiyalar Alyansı çərçivəsində dini liderlərin Məşvərət Şurasının yaradılması barədə təkliflərini bildirib və cənab Moratinos bu təklifləri təqdir edib, bəyəndiyini bildirib.


Seçilən
6
5
reyting.az

6Mənbələr