Azərbaycan seçicilərini bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırırıq. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, Azərbaycanda ictimaiyyət seçkilərə böyük maraq göstərib.
“Bələdiyyə seçkilərində də vətəndaşları aktiv iştirak etməyə çağırırq. Xüsusilə qadınları və gəncləri seçkilərdə namizəd kimi fəal iştirak etməyə çağırırq”, - o əlavə edib.
MSK sədri bildirib ki, siyasi partiyalar bələdiyyə seçkilərində fəal olmalıdır və çalışmalıdırlar ki, seçkilərdə daha çox namizədləri olsun.
M.Pənahov bununla bağlı siyasi partiyalara müraciət edib: “Mən siyasi partiyalara xüsusi müraciət edirəm ki, bələdiyyə seçkilərində fəal iştirak etsinlər. Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə fəal iştirak etməsi üçün qanunvericiliyin tələblərinə uyğun zəruri imkanları yaradacağıq”.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.