AZ

Mingəçevir Sənaye Parkı ixracı genişləndirir

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizi (267 milyon manat) ixraca yönəldilib.

Agentlikdən redaksiyamıza verilən məlumata görə, 26 hektar ərazini əhatə edən sənaye parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda parkın 1 rezidenti (“Mingəçevir Tekstil” MMC) var. Müəssisədə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulları ilə iplik istehsal edilir.

İndiyədək parka 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, “Made In Azerbaijan” brendi ilə Türkiyə, Rusiya və s. ölkələrə ixrac olunub.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına, ümumilikdə, 213 milyon manatdan çox investisiyanın yatırılması, 2600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək adıçəkilən agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 7,82 milyard manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezident statusu verilib.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatın bütün sahələrində, eləcə də sənayenin inkişafında böyük uğurlar əldə edir. Bu gün iqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal obyektlərinin, sənaye parklarının yaradılması da intensiv xarakter daşıyır.

Qeyri-neft sektorunda nəzərə çarpan müsbət dinamika həm də ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların geniş cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.

Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və mövcud sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.

Qarabağın dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və bu sahəyə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.

Düşməndən xilas olunan torpaqlarımızın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb ki, bu da iş adamlarının sözügedən sənaye zonalarına marağının artmasına səbəb olub.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb.

 

Seçilən
17
xalqqazeti.az

1Mənbələr