AZ

Bakıda kişi keçmiş arvadını oğurladı: “Maşında arxa oturacağa, yanınma keçdi…” – ŞOK

Bakının Qaradağ rayonunda 1988-ci il təvəllüdlü Davud həyat yoldaşı İlhaməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.Gununsesi.info xəbər verir ki, hadisə bu il yanvarın 17-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib.Davud hərəkətdə olan avtomobildə arvadı İlhamənin boşanması tələbi ilə bağlı münaqişə zamanı əli ilə onun sifət nahiyəsinə zərbələr vurub.Hadisəni törədən Davudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Davud ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadı İlhamənin Mərdəkan qəsəbəsində işləməsindən narahat olub: “Taksi ilə Mərdəkan qəsəbəsinə getdim. İlhamə işdən çıxarkən taksiyə əyləşdi. Yolda polis əməkdaşı mənə zəng edərək adam qaçırdığımı bildirdi. Mən isə arvadımı işdən götürərək evə gələcəyimi söylədim. Bundan sonra həmin polis əməkdaşı taksi sürücüsü ilə danışmaq istədi. Taksi sürücüsü də sifariş əsasında bizi idarə etdiyi taksiyə götürdüyünü bildirdi”.Təqsirləndirilən şəxs qeyd edib ki, taksi sürücüsü onları “20 Yanvar” metrostansiyasının qarşısında düşürüb: “Biz metronun yaxınlığında başqa taksi taparaq yola davam etdik. Anamın Qobustan qəsəbəsində yerləşən evinin qarşısına gəldik. Polis əməkdaşlarının orada olduğunu gördüm. Onlarla birlikdə polis bölməsinə getdim və izahat verdim. Narkoloji ekspertizadan keçirildim və qanımda heç bir narkotik vasitə müəyyən edilmədi. Mən İlhaməni vurmamışam. Əksinə, İlhamə məni vurub. Amma mən şikayət etməmişəm”.İş üzrə zərərçəkmiş İlhamənin sözlərinə görə, 2009-cu ildə Davudla rəsmi nikaha daxil olaraq ailə həyatı qurub: “Bizim birgə nikahımızdan 3 azyaşlı övladımız var. Təxminən 3 il olar ki, Davud narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ailədaxili münaqişələr səbəbindən təxminən 2022-ci ilin iyun ayından azyaşlı övladlarımla birlikdə atamın evinə köçmüşəm və orada yaşamışam”.Zərərçəkmiş qeyd edib ki, 2023-cü ildə Qaradağ rayon Məhkəməsinə nikahın pozulması üçün iddia ərizəsi ilə müraciət etməsini Davud etirazla qarşılayıb və buna imkan verməyəcəyini bildirib: “Telefonda, üzbəüz dəfələrlə məni və övladlarımı, hətta mənim ailə üzvlərimi də öldürməklə hədələyib.Uşaqlarımın maddi ehtiyaclarını ödəməkdən ötrü 2022-ci ildən Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Beths” istirahət mərkəzində aşpaz köməkçisi olaraq işə düzəlmişəm. Hadisə günü saat 08.00-da Davud iş yerimə yaxınlaşaraq qapıya çıxmağımı tələb etdi. Qapıya çıxdıqda mənə hədə-qorxu gəlməklə iş yerimi tərk etməyimə nail oldu. Biz Mərdəkan qəsəbəsindən Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmək üçün tanımadığım taksiyə əyləşdik.Davud taksidə qabaq sərnişin oturacağında, mən isə arxa oturacaqda əyləşmişdim. Biz yolda gələn zaman mobil telefonumla valideynlərimə Davudun məni zorla taksiyə oturtması, məni Qobustan qəsəbəsi istiqamətində gətirməsi barədə məlumat verdim. Biz birlikdə avtovağzal ərazisinə gəldik. Orada taksini dəyişərək yolda dayanmış digər tanımadığım taksiyə mindik. Bu dəfə Davud mənimlə birlikdə arxa sərnişin oturacağında əyləşdi. Bir qədər getdikdən sonra Davud nikahın pozulması barədə verilmiş ərizədən söz saldı və məni təhdid etdi. Başlanmış mübahisə şiddətləndi. Davud əli ilə sifətimin sağ tərəfindən yumruqla vurdu. Mən sol əlimi qabağa verdikdə Davudun əli əlimin üzərinə dəydi”.Zərərçəkmiş deyib ki, Davud ona bir neçə zərbələr vurub, qollarını sıxıb: “Aldığım zərbədən üz nahiyəmdə şişkinlik və qızartı oldu. Çantam isə cırıldı. Davud taksi sürücüsündən bizi öz evlərinə aparmağı tələb etsə də, mən onunla təkbətək qalmaqdan qorxdum. Bu səbəbdən avtomobili Davudun anasının yaşadığı ev istiqamətində idarə etməyi xahiş etdim.Biz qayınanamgilin evinin qarşısına çatdıqda oraya polis əməkdaşları və anam gəlmişdi. Bizi polis bölməsinə dəvət etdilər. Polis bölməsinə gedərək ərizə ilə müraciət etdim”.Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb.Məhkəmənin hökmü ilə Davud 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23.00-dan növbəti gün saat 06.30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub./Teleqraf.com

phrase_var_article.chosen
98
50
gununsesi.info

10phrase_var_article.sources