AZ

Şimali Koreya Rusiya ilə hərbi əməkdaşlığı gücləndirir

Rusiyanın müdafiə naziri Şimali Koreya lideri Kim Çen Inla görüşüb və iki təcrid olunmuş ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

“Cebheinfo.az” xəbər verir ki, cümə günü Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşən Kim Çen In Qərb dövlətlərinin Kiyevə Rusiya ərazisinə hücuma icazə vermək qərarını tənqid edərək, bunun “münaqişəyə birbaşa hərbi müdaxilə” olduğunu bildirib.

Kim Rusiyanın Oreşnik raketlərindən istifadə etməsinə də toxunaraq, "Rusiyanın düşmən qüvvələrinə cavab vermək üçün qətiyyətli addımı özünümüdafiə hüququndan başqa bir şey deyil", - deyib.

Rusiya Prezidenti Vladimir Putin və Kim iyun ayında bir tərəfə hücum ediləcəyi təqdirdə “təxirə salınmadan” hərbi yardım göstərilməsi və Qərbin sanksiyalarına birgə qarşı çıxılmasını məcburi edən strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. 

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Belousovun səfəri iki ölkənin müdafiə qabiliyyətini xeyli gücləndirəcək və iki ordu arasında dostluq, qarşılıqlı əməkdaşlıq və əlaqələrin inkişafına kömək edəcək.

Belousov açıqlamasında iki ölkə arasında dərinləşən əlaqələrdən məmnunluğunu ifadə edib və Şimali Koreyanın “tamamilə müstəqil xarici siyasətini” yüksək qiymətləndirib.

Analitiklər Şimali Koreyanın Ukraynadan xarici siyasətini yenidən formalaşdırmaq üçün bir vasitə kimi istifadə edə biləcəyini ehtimal edirlər.

Ekspertlərin fikrincə, Şimali Koreyanın qoşun göndərməsi özünü Rusiyanın müharibə iqtisadiyyatı daxilində silah, hərbi dəstək və işçi qüvvəsi təminatçısı kimi yerləşdirdiyini və hətta ənənəvi müttəfiqi, qonşusu və əsas ticarət tərəfdaşı olan Çini də ötüb keçmək potensialına malik olduğunu göstərir. 

Bildirilir ki, Rusiya bunun müqabilində Şimali Koreyaya neft və qaz kimi təbii ehtiyatlar təklif edir.

Rusiya və Şimali Koreya 2022-ci ilin fevralında Moskvanın Ukraynaya müdaxiləsindən sonra hərbi əlaqələri gücləndirib. Hazırda hər iki ölkə - Şimali Koreya nüvə silahı proqramına, Rusiya isə Ukrayna münaqişəsinə görə BMT-nin sanksiyaları altındadır.

Kim cümə günü bildirib ki, onun hökuməti, ordusu və xalqı Rusiya Federasiyasının suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək siyasətini şərtsiz dəstəkləyəcək.

Seçilən
71
50
cebheinfo.az

10Mənbələr