AZ

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq uğurlu qarşılıqlı fəaliyyətin nümunəsidir

Bakı, TurkicWorld

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq dialoq və qarşılıqlı fəaliyyətin uğurlu nümunəsidir.

TurkicWorld xəbər verir ki, bu barədə Tacikistan Ali Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti üzrə komitəsinin sədri Mexmedşox Qulzoda Azərbaycanın Milli Məclisində (parlament) keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

"Parlamentlərarası dostluq və əməkdaşlıq qrupu təcrübə mübadiləsinə, aktual məsələlərin müzakirəsinə, eləcə də xalqların maraqlarına uyğun həll yollarının axtarışına töhfə verir", – deyə M.Qulzoda qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın bugünkü parlamenti dövlətçiliyin, sosial sabitliyin və demokratik institutların möhkəmləndirilməsində öz rolunu uğurla yerinə yetirir.

M.Qulzoda vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın inkişafı, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və beynəlxalq nüfuzun gücləndirilməsi sahələrində böyük nailiyyətlər əldə edib. Azərbaycan və Tacikistan arasında qarşılıqlı dəyərlərə və strateji tərəfdaşlığa əsaslanan münasibətlər inkişaf etməyə davam edir.

"Azərbaycanda parlamentarizmin tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə başlayır, həmin çətin dövrdə region çoxsaylı çağırışlarla üzləşirdi. Azərbaycan Demokratik Respublikasının ilk parlamenti 1918-ci il 7 dekabrda açılaraq, müstəqillik və demokratiyanın rəmzinə çevrildi. Onun fəaliyyəti dövlət suverenliyinin, sosial ədalətin və hüquq qaydalarının əsasını qoydu", – deyə o bildirib.

Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasir qlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlament müzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışların həllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.

Konfrans çərçivəsində "Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunələri" mövzusunda dəyirmi masa təşkil ediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpa işləri ilə tanışlığı da nəzərdə tutulub.

Seçilən
38
1
turkic.world

2Mənbələr