AZ

Böyük Britaniya Xəzər regionu ilə yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirməyə çalışır

Bakı, TurkicWorld

Böyük Britaniya Xəzər regionu ilə yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Londonda keçirilən "Xəzər regionunun enerji təhlükəsizliyi və COP29-un nəticələri" konfransında çıxışı zamanı bildirib.

Sofi Vestleyk Böyük Britaniyanın enerji təhlükəsizliyinə yanaşması və bu prosesdə Xəzər regionunun rolu haqqında ətraflı məlumat verib. O, regiondan qaz tədarükünün Avropa üçün əhəmiyyətini, həmçinin Rusiya enerji resurslarından asılılığın azaldılması kontekstində bu tədarükün diversifikasiyasının vacibliyini vurğulayıb.

"Biz regionun, o cümlədən Azərbaycanın qaz tədarükünün diversifikasiyasında artan rolunu görürük", – deyə direktor müavini qeyd edib.

"Xəzər regionu enerji təhlükəsizliyində mühüm rol oynayır, lakin biz gələcəkdə yaşıl enerji sahəsində daha sıx əməkdaşlıq görmək istərdik. Xəzər dənizində təxminən 845 qiqavatlıq potensial enerji gücü mövcuddur – bu, Avropaya yaşıl enerji ixracı üçün böyük potensialdır və bu mövzu getdikcə daha da aktuallaşır", – deyə S.Vestleyk vurğulayıb.

O, həmçinin Böyük Britaniyanın qlobal enerji keçidində liderliyini qeyd edib.

"Bu il G20 sammitində Böyük Britaniyanın Baş naziri qlobal 'təmiz' enerji alyansı təşəbbüsünü təqdim etdi. Bu, Böyük Britaniyanın uğurlu təşəbbüslərini qlobal səviyyədə necə yaymaq barədə bir ideyadır. Gələcəkdə biz mövcud fondlardan istifadə etməklə özəl kapitalı cəlb etmək və bu resursların mümkün qədər effektiv istifadə edilməsinə fokuslanmaq istəyirik", – deyə S.Vestleyk vurğulayıb.

"Biz qazdan istifadəni davam etdirmək niyyətindəyik, lakin eyni zamanda onun ətraf mühitə təsirini minimuma endirmək üçün çalışacağıq. Bu problemi həll etmək üçün regionla əməkdaşlığa hazırıq", – deyə o yekunlaşdırıb.

Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center) Böyük Britaniya üzrə müşaviri Devid Moran isə Xəzər dənizi regionunun inkişafı və möhkəmlənməsi üçün Böyük Britaniya ilə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb.

D.Moran, COP29-da iştirak təcrübəsinə əsaslanaraq, konfransın qlobal iqlim tədbirləri üçün əhəmiyyətini vurğulayıb.

"COP29 çərçivəsində böyük intellektual səylər sərf edildi və kreativ maliyyələşdirmə, o cümlədən qarışıq maliyyələşdirmə və ya sığorta haqqında bir çox müzakirələr aparıldı. COP29 'Xəzər COP-u' kimi tarixə düşdü, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqlim tədbirləri sahəsində əməkdaşlığa qərarlılığını nümayiş etdirdi. Konfrans dünyanın bir çox ölkəsinin diqqətini cəlb etdi", - Devid Moran.

X: @Lyaman_Zeyn

Seçilən
22
2
turkic.world

3Mənbələr