AZ

“İndiki məqamda çempionluğu düşünmürəm” – Baxşıyev

Azərbaycan Premyer Liqasının XVI turunun “Səbail” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Ağır oyun olacağını bilirdik. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandamı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmağa potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq.

– Qarşıda “Sabah” və “Qarabağ”la oyunlar var. İli yaxşı başa vura biləcəksiz?
– Sırf bu iki oyunu düşünmürük. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda olaraq daha yaxşısını etməliyik ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.

– Heyətdə yaşlı futbolçular çoxdur, amma komanda yaxşı performans göstərir. Uğurun sirri nədədir?
– “Qəbələ”də çalışarkən Asif Məmmədovun 38 yaşı var idi, amma meydanda gənclərlə eyni yükü alırdı. Futbolda cavan anlayışı keçmişdə qalıb. İndi elə yanaşmırlar. Təcrübəli oyunçularımız var. Görürük ki, onlardan istədiyimizi ala bilirik. Bütün futbolçular istəklidir və bu, bizi sevindirir. Siz onları həftədə bir dəfə görürsüz, amma məşqlərdə də böyük işlər görürlər.

– Sizə təcrübəli oyunçularla işləmək daha rahatdır?
– Prinsipimdə yoxdur ki, futbolçu cavandır, yaşlıdır, əcnəbi və ya legionerdir. Hamı ilə işləməyə çalışırıq. Onlar da bizə qarşılıq verirlər.

– Komandanı tonusda saxlamaq və oyunçuların arxayınlaşmaması üçün nə edirsiz?
– Kollektivdə elə futbolçular var ki, nəticələrə acdırlar. Oyundan-oyuna düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu nəticələri qazanıblarsa, təsadüf deyil.

– “Qarabağ”la aranızda xal fərqi azdır. Psixoloji təzyiqdə sizsiz, yoxsa onlar?
– “Qarabağ” təzyiqi çoxdan keçib, oturuşmuş komandadır. İllər öncə həmin təzyiqdən çıxıblar. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf “Qarabağ”la mübarizə aparaq deyə iş prinsipimiz yoxdur. Qarşıdakı matçı düşünürük. Komandanın potensialı var. Getdikcə daha yaxşı olacağıq.

– Qarşıdakı turda “Sabah”la qarşılaşacaqsız. Onlarda baş məşqçi dəyişikliyi olub. Diqqətinizi nə çəkib?
– “Sabah” da iddialı komandadır. Yuxarı yerlər uğrunda mübarizə aparırlar. Sadəcə “Səbail”lə oyunu düşünürdük. Artıq daha sonra o matçı düşünəcəyik.

– Berbardo Dias (Benni) əvəzlənəndə sanki narazı görünürdü. Bunu normal qəbul edirsiz?
– Normaldır. Tək Benni yox, bütün futbolçular oynamaq istəyir. Onların etirazını normal qarşılayıram. Futbolçu o istəyi göstərməlidir ki, daha artığını istəyir.

– Var arzu , var reallıq. Çempionluq arzudur, yoxsa reallıq?
– Elə sualdır ki, cavab vermək mümkün deyil. Mən indiki məqamda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki matçı düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözlədiyi, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərəcək.

– Qış planınız nədir və transferlər olacaq?
– Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nə gözləyir, görəcəyik.

Şahin Cəfərov

Seçilən
24
3
futbolpress.az

4Mənbələr