"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 140-cı kitabı çapdan çıxıb.
"Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, "Kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlər bunu heç gizlətmirlər".
Milli.Az xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin çapdan yeni çıxmış 140-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqi zamanı söyləyib. Oxucu Azərbaycan Prezidentinin nitqinin tam mətni ilə bu kitabda tanış ola bilər.
Çoxcildliyin 140-cı kitabında toplanmış materiallar 2024-cü ilin sentyabr-oktyabr aylarını əhatə edir.
Yeni kitaba Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilmiş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakına dair informasiya daxil edilib. Oxucu bu kitabda dövlətimizin başçısının İqtisadi məsələlərə həsr olunmuş müşavirədə, habelə Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışlarının mətnləri ilə də tanış ola bilər.
Prezident İlham Əliyev sentyabr ayında Ağdam rayonuna, Xankəndi və Şuşaya səfər edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olub, bir sıra müəssisələrin açılışında iştirak edib, eyni zamanda, yeni müəssisələrin təməlini qoyub. Dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının və bu universitetin təmirdən sonra açılış mərasimlərində iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Şuşada isə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında, Şuşada Bayraq meydanının açılış mərasimində iştirak edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib. Prezident oktyabr ayında Zəngilana və Cəbrayıla səfər edib. Dövlətimizin başçısı Cəbrayılda yaşayış kompleksinin açılış mərasimində iştirak edib və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.
Çoxcildliyin 140-cı kitabında Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına və çıxışına, "Rossiya-1" televiziya kanalına müsahibəsinə, habelə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfərinə və plenar iclasda çıxışına dair materiallar da toplanıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına, "İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təşkilatlarının rolu" mövzusunda Beynəlxalq Bakı Forumunun, Pre-COP29 tədbirinin və Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri ilə də tanış ola bilər.
"Azərnəşr" tərəfindən buraxılan 140-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Milli.Az