"Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakin bəzi dairələr elə bir propaqanda apardılar ki, sanki o torpaqlar Azərbaycanın deyildi".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycan üçün ədaləti bərpa etmədi.
"İndi Azərbaycan və Ermənistan danışıqlar aparır. Üçüncü tərəflər sülhə təşviq etmədiyi müddətcə onların arasına girməməlidir. Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidirlər",- deyə o bildirib.
F.Oktay əlavə edib ki, parlamentlərarası əlaqə Azərbaycan və Türkiyə dostluğuna mühim töhfə verir.
"Biz hər zaman bir-birimizin yanındayıq. Beynəlxalq nizamın bu qədər xaos içərisində olduğu dövrdə Azərbaycan və Türkiyə hər zaman və hər şəraitdə bir-birinə dəstəkdir. Biz Bakını Ankaradan, Ağdaşı İzmirindən ayrı görmürük və bu mümkün deyil",- deyə F.Oktay vurğulayıb.
Qeyd edək ki, bu gün Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.