AZ

Dilənçiliyin komfortlu variantı

Üzüyumşaq olmaq bir şey deyil, üzüyumşaq olduğunu ətrafa bildirmək isə daha pisdir. Dostlardan biri elədir, həm üzüyumşaqdır, həm də duyğusaldır, yanımcıl-dönümcüldür. İndi virtual “dostlar”ı onu belə olduğuna peşman ediblər.

O gün adam gileylənir ki, elə bir gün olmaz, tanımadığı adamlar onun inboksuna mesaj yazıb pul istəməsinlər: “Ömründə üzlərini görməmişəm, kimdirlər, nəçidirlər, bilmirəm, yazılar ki, 200 manat pula ehtiyacım var, kart nömrəsi atım, kömək elə. Bir deyil, beş deyil. Hətta 5-10 manat istəyənlər də var”.

Deyirəm, sən tək deyilsən, bu saat sosial şəbəkələrdə hesabı olanların hamısı o gündədir, amma görünür, həzin paylaşımlara “can, can” yazıb başını yoxlatmısan, hesab edirlər ki, səndən pul qoparmaq olar.

Virtual aləm dələduzlarla qaynaşır. Sibir bataqlığında ditdilinin sayı var, bunlarınkı yoxdur. Kənardan onların gözünə çox avam, sadəlövh, əfəl görünürük. Hər gün xarici olkələrdə “bankir” işləyən adamlar dostluq təklifi göndərir, sonra həmin ölkədə ölmüş milyonçu qohumumuzu tapır, onun yiyəsiz qalan mirasını bizimlə bölmək istəyirlər. Sadəcə, kart bilgilərimizi göndərməyimiz lazımdır. Azı 15 ildir bu fırıldaq elektron poçt ünvanlarımızı, sosial şəbəkə hesablarımızı dolaşır. Bu dələduzlar qanmırlar ki, əgər müracət etdikləri adamlar illərdir bu virtual xarabadadırlarsa, bir bildikləri var artıq, onları aldatmaq mümkün deyil. Dönüb-dolaşıb təzədən gəlirlər.

Onların məsələsini çözmüşük, keçmişdə qalıb. Amma adı, soyadı özümüzünkülərdən olan virtual dilənçilər, “kartatanlar” yeni dalğadır.

Baxırsan, cavan-cavan adamlardır, işləri də bundan ibarətdir: səhər yuxudan dururlar, 100 adama ağız açır, kart nömrəsi göndərirlər, üçü, beşi olumlu cavab versə, bəsləridir, çörəkləri var. Bu aləmdə yüz minlərlə adam var, qurtarmır, bitmir.

Ancaq düşünmürlər ki, bu cür asan yolla pul qazanmaq fikri təkcə onların ağlına gəlmir, yüzlərlə başqaları da eyni kələkbazlığa əl atanda işin şiti-şoru çıxır.

Fikir verirsinizsə, əvvəllər ictimai nəqliyyatda, metro çıxışlarında, bazarlarda, insanların gur olduğu yerlərdə sədəqə dilənənlər çox olurdu. Təkcə “20 Yanvar” metrostansiyası ətrafnda Sumqayıta gedən, yolpulu istəyən onlarla gənc “işləyirdi”. Son vaxtlar onlar gözə dəymirlər. Niyə? Virtual aləmə keçiblər. Evdə, çayxanada, rahat bir yerdə oturur, telefonla, noutbukla çalışırlar. Belə daha asandır, göz görmür, üz utanmır, tanışlara rast gəlib xəcalət çəkmək məqamı da yoxdur. Dilənçiliyin komfortlu variantı.

Virtual aləmdə üzüyumşaq adam da nə qədər desən. Sadəcə, sosial şəbəkəni yaxşı izləmək lazımdır. Görürsən, biri başqalarına yaxşılıq etmək çağırışları edib və ya belə çağırışlara cani-dildən qoşulub, bilirsən ki, bu ürəyiyuxa, üzüyumşaq adamdır, qarmağa gələn “balıq”lardandır. Tilovu atırsan, düşər, əla olar, düşməz, qoy gedib vicdan əzabı çəksin, səndən nə gedir.

Sovet dönəmində Səməd Vurğunla bağlı bir xatirə vardı, müəllifini unutmuşam. Adam yazırdı ki, şair Moskvada oxuyanda qışın, qarın soyuğunda pulsuz qalıbmış, ancaq bir gün vətəndən, qardaşlarından ona pul gəlib, yaxın dostları ilə gedib pulu poçtdan götürüb küçəyə çıxanda görüb bir dilənçi tində oturub qarmon çalır. Səməd Vurğun çalğıdan, adamın halından necə təsirlənibsə, aparıb pulun hamısını onun qutusuna qoyub gedib.

İndi bu yaxşı oldumu? Sən yenə pulsuz qaldın, dilənçi bir ayına bəs edəcək pul əldə etdi. Ona bir az əvvəl də sədəqə vermişdilər, sonra da verəcəklər. Ertəsi gün yenə bir şey qazanacaq, sən isə 1 ay ondan-bundan borc alacaqsan.

Yəni duyğusallıq, ürəyiyumşaqlıq da bir yerə qədər.

İlon Maks deyilsənsə, gərək səxavətinin limitini biləsən. Onun kiməsə 1 milyon dollar verməsi ilə sənin kiminsə kartına 100 manat göndərməyin arasında böyük fərq var. Sənin 200 manatın vardı, 100-nü (50 faizini) verdin, onun 300 milyardı var, 1 milyonunu (0-la başlayan faizini) verdi.

Uzun sözün kəsəsi, virtual dilənçiliyin çiçəklənməsinə imkan vermək olmaz. Bir az da getsə, insanlar iş-güclərini buraxacaq, eləcə, bu işlə məşğul olacaqlar. Zatən, minlərlə adam “İnstaqram”da, “Tik-tok”da bənzər işlərlə uğraşırlar, adını da bloqerlik qoyublar.

Bəs əgər bəzilərinin gerçəkdən də yardıma ehtiyacları varsa? Bax, onları tapmaq lazımdır. Əslində virtual dələduzlar məhz elələrinin haqqına girirlər.

 

Seçilən
30
musavat.com

1Mənbələr