AZ

"Türkiyə Suriyanın protektoru olmalıdır” – Pənah Hüseyn sensasion təkliflə çıxış etdi  

Azərbaycanın sabiq baş naziri, müxalifət liderlərindən olan Pənah Hüseyn, Suriyada baş verən hadisələrlə bağlı sosial media hesabında sensasion açıqlama yayıb. Onun sözlərinə görə, Suriyadakı proseslər təkcə Türkiyənin deyil, bütün türk və müsəlman dünyasının təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Musavat.com Pənah Hüseynin həmin açıqlamasını təqdim edir:

“Suriyada baş verənlər və Türkiyə nə etməlidir?”

“Məndən tez-tez soruşurlar: Türkiyə Suriyada nə etməlidir? Əlbəttə ki, bu məsələdə söz və hərəkət haqqı ilk növbədə türk millətinə və Türkiyə Cümhuriyyətinin səlahiyyətli dövlət orqanlarına məxsusdur. Lakin Suriyada baş verən hadisələrdən Türkiyənin təsirlənməsi, digər türk və müsəlman xalqlarının, o cümlədən Azərbaycanın təhlükəsizliyinə də təsir edir. Buna görə də bu dövlətlərin və xalqların da mövqe ifadə etmək haqqı təbii qəbul edilməlidir.

Mənim fikrimcə, hazırkı şəraitdə Türkiyə Suriyaya münasibətdə de-fakto və mümkün olarsa, de-yure protektorat kimi çıxış etməlidir. Suriyanın Türkiyənin protektoratı olması bölgədə stabillik və təhlükəsizlik üçün ən uyğun həll yoludur.

Eyni zamanda, Fələstin məsələsinin optimal həlli də bu modeldən keçir. Müəyyən mərhələdə Fələstinin təhlükəsizlik mandatı Türkiyəyə verilə bilər. Türkiyənin bu regionda lider dövlət kimi çıxış etməsi tarixi və strateji zərurətdir.”

Musavat.com bildirir ki, Pənah Hüseyn əlavə olaraq, protektorat anlayışını izah edib:

“Protektorat nədir?”

“Protektorat – bir dövlətin digər dövləti hərbi, siyasi və təhlükəsizlik baxımından qoruması və himayəsi altında olmasıdır. Qorunan dövlətə protektorat, bu funksiyanı həyata keçirən dövlətə isə protektor deyilir.”

Pənah Hüseynin bu təklifi geniş müzakirələrə yol açacağı gözlənilir. Türkiyənin hazırda Suriyadakı hərbi əməliyyatları və bölgədəki nüfuz mübarizəsi fonunda belə bir yanaşma türk dünyası üçün yeni perspektivlər təqdim edə bilər.

Türkiyənin Suriya və Fələstin məsələlərində lider mövqeyi ilə çıxış etməsi regional sabitlik və təhlükəsizlik baxımından mühüm addım ola bilər.

Musavat.com

Seçilən
23
1
musavat.com

2Mənbələr