AZ

Əsəd rejiminin işgəncə mərkəzi üzə çıxdı: minlərlə insan belə öldürülüb - VİDEO

Suriyada 61 illik Əsəd hakimiyyətinin süqutu ilə rejimin geridə qoyduğu dəhşətli işgəncə mənzərələri bütün çılpaqlığı ilə üzə çıxıb. Dəməşqdən 30 km şimalda yerləşən Sednaya hərbi həbsxanasındakı görüntülər izləyənləri dəhşətə gətirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Dəməşqdə nəzarəti ələ keçirən Suriya müxalifəti Sednaya həbsxanasının yeraltı hissəsində rejim tərəfindən işgəncələrə məruz qalan minlərlə məhbusu azadlığa buraxıb.

BMT bir vaxtlar həmin ərazini "insan sallaqxanası” (kəsim yeri) kimi təsvir edib. Dəməşqin 30 km şimalında yerləşən bu həbsxana 2011-ci il inqilabını başladanlara və mülki şəxslərə verdiyi işgəncələrlə tanınır.

Suriya İnsan Haqları Müşahidə Qrupu 2021-ci ilin yanvarında ölkədə vətəndaş müharibəsi başlayandan bəri 30 min məhbusun işgəncə, pis rəftar və kütləvi edamlar nəticəsində həbsxanalarda öldüyünü təxmin edirdi.

“Amnesty İnternational” da həmçinin 2011-ci ilin sentyabrından 2015-ci ilin dekabrına qədər Sednayada 5000-13000 adamın məhkəməsiz edam edildiyini hesablayıb.


Həbsxanada qeyri-insani işgəncələr “uçan xalçalar” adlandırılıb. ABŞ Əsəd administrasiyasını burada kütləvi edamlar həyata keçirməkdə və qətlləri gizlətmək üçün edam edilənləri krematoriumlarda (xüsusi ölü yandırma cihazları) yandırmaqda ittiham edirdi.

İnsan haqları qrupları edam edilən məhbusların meyitlərinin preslərə qoyularaq yastılaşdırıldığını, bədən və sümüklərinin əzilərək qəliblərə çevrildiyini öyrənib.


Həbsxananın zirzəmisinin 7 mərtəbədən ibarət olduğu və bu mərtəbələr arasındakı boşluqların betonla bağlandığı məlum olub. Mərtəbələrdə hələ də minlərlə insanın olduğu və ikinci mərtəbənin açılması üçün işlərin davam etdiyi bildirilib. Həbsxanada ən azı 70 min məhbusun kömək gözlədiyi bildirilib.

Sözügedən həbsxananın yerləşdiyi ərazidə böyük kütləvi məzarlıqlar da aşkarlanıb.


Seçilən
19
1
news24.az

2Mənbələr