İran şahı Məhəmməd Rza Pəhləvinin ölkədən qaçarkən sığınacaq tapmaqda çətinlik çəkdiyi kimi, Bəşər Əsədin də eyni çətinliklə üzləşəcəyini düşünürəm
8 dekabrda Bəşər Əsədin devrilməsi ilə Suriyada 61 il davam edən BAAS hakimiyyəti başa çatıb. 2011-ci ildə Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlar ölkəni vətəndaş müharibəsinə sürüklədi və bu, Suriyanı dərin siyasi, iqtisadi və sosial böhrana sürüklədi.
İranın keçmiş şahının oğlu Rza Pəhləvi X hesabında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İran hökumətinin vəziyyətinin çox ağır olduğunu bildirdi: "İslam Respublikası özünün faciəvi siyasəti ilə bölgə xalqları və dövlətləri ilə yanaşı, İran xalqının da həyatını məhv edib. Biz Suriyanın İran rejiminin məğlubiyyət simvoluna çevrildiyini gördük."
Yıldız Texniki Universiteti (YTU) müəllimi, beynəlxalq strateq və siyasi şərhçi Prof. Dr. Cemal Zehir “Sherg.az”a müsahibəsində bildirib ki, Suriyada Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətin qurulması mərhələsi başlayıb.
- Bəşər Əsədin devrilməsindən sonra Suriyadakı proseslər necə inkişaf edəcək?
- Suriyada Bəşər Əsədin devrilməsindən sonra idarəetmənin formalaşması yavaş-yavaş başlayır. Buradakı əsas məqsəd demokratik bir respublikanın qurulmasıdır. Bununla yanaşı, ölkənin bütün etnik və dini qruplarının demokratik rejim daxilində təmsil olunması da nəzərdə tutulur. Lakin bu, asanlıqla həyata keçirilməsi mümkün olan bir vəziyyət deyil. "Təhrir əş-Şam" liderinin açıqlamalarına görə, Suriyada bütün qrupların demokratik iştirakını təmin edəcək bir idarəetmə sistemi qurulacaq. Lakin bu açıqlamalar real deyil və belə bir sistemin yaranma ehtimalı olduqca azdır. Çünki Suriyada beynəlxalq imperialist qüvvələrin asanlıqla geri çəkilməsi gözlənilmir.Müxalif qüvvələr hakimiyyəti devirdilər, amma hansı qüvvələrin daha təsirli olacağı hələ də bəlli deyil. Şama ilk daxil olan qüvvələr, ABŞ-nin dəstəklədiyi müxalifət və Türkiyənin uzun müddətdir dəstəklədiyi Suriya Milli Ordusu, bu mənzərənin əsas oyunçularıdır. Bundan başqa, YPG/PKK kimi qüvvələr də mövcuddur. Suriyada etnik azlıqların olması da nəzərə alındıqda, yeni idarəetmə sisteminin qurulması çətin olacaq.
- Baş verən hadisələrdə Türkiyənin rolu nədir və bundan sonra nə olacaq?
- Türkiyənin Suriyadakı mövqeyinə baxdıqda, Ankara həmişə Suriyada sülhün və əmin-amanlığın tərəfdarıdır. Çünki Suriya təxminən min il boyunca türklərin idarəçiliyi altında olub. Hətta Hafiz Əsədin devirilməsindən əvvəl Suriyanın sonuncu dövlət başçısı türkmən əsilli bir şəxs idi. Buna görə də, Suriya məsələsində türkmən əhalisinin hüquqları daima diqqətdə saxlanılmalıdır. İraqda baş verən səhvlər Suriyada təkrarlanmamalıdır. İraqda sünni ərəblər, şiələr və kürdlər arasında idarəetmə paylaşıldığı halda, türkmənlər bu razılaşmadan kənarlaşdırılmışdı və onların hüquqları təmin edilməmişdi. Türkiyə, Suriyanın yenidən qurulmasında əsas rol oynayaraq türkmənlərin bu prosesdə əsas aktorlardan biri olmasını təmin etməlidir. Türkiyə əvvəlcə Əsədi dialoqa dəvət etdi, amma rejim güzəştə getmədi. Müxalifət tərəfindən başlanan hərəkat nəticəsində isə Əsəd rejimi bir həftə davam gətirə bilmədi və süqut etdi.
- Suriyada Əsəd ailəsinin devrilməsi ilə ölkəsindən qaçmış milyonlarla insan vətənlərinə dönəcəkmi?
- Ölkəni tərk etmiş milyonlarla insanın vətənlərinə qayıdacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, köç edənlərin 50 faizdən çoxu yerləşdikləri ölkələrdə qalmağa üstünlük verəcək və orada yeni həyat qurmağa çalışacaqlar. Öz ölkələrində əmlaka sahib olan insanlar, mütləq əmlaklarını geri alaraq yeni bir həyat qurmaq üçün geri dönəcəklər. Digərləri isə, xüsusilə iş tapmış və yerləşdikləri ölkələrdə uyğunlaşmış olanlar, orada qalmağa davam edəcəklər. Türkiyə hazırda 4 milyondan çox Suriyalı qaçqına ev sahibliyi edir. Eyni zamanda, Avropa, ərəb ölkələri və qonşu dövlətlərdə sığınan miqrantların da bir hissəsi bu ölkələrdə qalmağa davam edəcəklər. Başlanğıcda miqrantların vətənə dönüşündə artım gözlənilsə də, zamanla bu proses yavaşlayacaq. Yaşlılar, qadınlar və uşaqların qayıtması daha çox ehtimal olunsa da, gənclər daha çox sahibkar, mütəxəssis və ya işçi kimi yaşadıqları ölkələrdə qalacaqlar.
- 1979-cu ildə İran şahı devriləndə bir çox ölkə, şah və onun ailəsinə sığınacaq vermək istəmirdi. Bəşər Əsəd üçün də sığınacaq tapmaq asan olmayacaq?
- Əsəd rejiminin vəziyyətinə baxdıqda, İran şahı Məhəmməd Rza Pəhləvinin ölkədən qaçarkən sığınacaq tapmaqda çətinlik çəkdiyi kimi, Bəşər Əsədin də eyni çətinliklə üzləşəcəyini düşünürəm. Rusiya, ona siyasi sığınacaq təklif etdiyini bəyan edib. Mənim qənaətimə görə, Əsəd, böyük miqdarda qızıl və sərvətləri yük təyyarəsinə yükləyərək yaxınları ilə birgə Suriyadan çıxıb. Rusiya, Suriyadakı hərbi bazalarını qorumaq məqsədilə Əsədə dəstək verib, amma bu, Rusiyanın ciddi maliyyə itkiləri ilə nəticələndi. Xüsusilə Lazkiyə və Tartusdakı hərbi bazalarının taleyi, Rusiyanın gələcək qərarlarından asılıdır. Əsədin ölkədən çıxarkən sərvətini dünya banklarına köçürdüyü iddia olunur. Bu vəsaitlərin Rusiyanın nəzarətinə keçməsi ehtimalı vardır və yaxın zamanda bu məsələnin nəticələri məlum olacaq. Tarix göstərir ki, heç bir diktator xalqdan oğurladığı sərvəti tamamilə özündə saxlaya bilməyib. Bu sərvətlər ya müsadirə edilir, ya da diktator devrilir və vəsaitlər milliləşdirilir. Əsədin də oxşar aqibətlə üzləşəcəyini düşünürəm.
- İranın keçmiş şahının oğlu Rza Pəhləvi X hesabında Bəşər Əsəd rejiminin devrilməsi ilə İranda xalq arasında Tehran rejiminin də süqutuna ümidləri artırdığını vurğulayıb. Bəşər Əsədin devrilməsi İranın regiondakı mövqeyinə necə təsir etdi?
- İranın regiondakı mövqeyi, Suriyada Bəşər Əsədin devrilməsi ilə ciddi şəkildə zərər gördü. İran, ölkə daxilindəki türklər üçün sosial hüquqların təmin olunmasında böyük əksikliklər göstərib. İranın daxili müxalifəti əsasən türklərdən ibarət olub və ən böyük müxalifət də türkmənlər tərəfindən təşkil edilib. Şah Rza Pəhləvinin oğlu İranda hakimiyyətə gəlmək üçün batıdan dəstək axtarır. Amma bu məsələ hələ də reallaşmayıb. İranda dəyişiklik yalnız demokratiya ilə mümkündür. Bu isə, Haməməni və dini hakimiyyətin məhdudlaşdırıldığı, İran xalqının demokratik hüquqlarının tanındığı bir idarəetmə ilə mümkündür.