AZ

Azərbaycan və Gürcüstanın məhkəmə sistemləri arasında əlaqələr genişləndirilir

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 9-da Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadagidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Nino Kadagidze ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirib. Bu səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq hər iki ölkənin məhkəmə sisteminin təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

İnam Kərimov deyib ki, dövlətlərarası əlaqələrin yüksək səviyyəsi öz növbəsində məhkəmə-hüquq sahəsində də münasibətlərin inkişafına geniş imkanlar açır. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi, sıx əməkdaşlıq ölkələrimiz arasında ədalət mühakiməsinin səmərəliliyinin artması baxımından olduqca əhəmiyyətlidir. Müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi qarşıda duran əsas hədəflərdir.

Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti, məhkəmə hüquq islahatları barədə ətraflı məlumat verilib, ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Gürcüstan Ali Ədliyyə Şurasında yerli hakimlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər diqqətə çatdırılıb.

Bildirilib ki, məhkəmə fəaliyyətinin tam elektronlaşdırılması, o cümlədən süni intellektin imkanlarından istifadə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi qarşıya qoyulan hədəflərdəndir. İki ölkə arasında bu sahədə də əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində, həmçinin Gürcüstan Ali Ədliyyə Məktəbinin nümayəndələri ilə görüş təşkil olunub.

Seçilən
22
7
yeniazerbaycan.com

8Mənbələr