AZ

Azərbaycan türklərinin doğma yurda qayıdışı 

QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılmasından ötən 3 il ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində nəzərəçarpan irəliləyiş əldə edilib. Agentliyin dəstəyi ilə icra olunan böyük, orta və kiçik qrant layihələrinin məzmununa baxdıqda aydın görünür ki, layihələr dövlət və özəl sektor əməkdaşlığı, vətəndaşlara hüquqi, sosial, iqtisadi yardımlar, milli dəyərlərin qorunması, təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, şəhid, qazi ailələriylə iş, işğaldan azad edilmiş ərazilərdə zəruri tədbirlərin həyata keçirilməsində dövlət qurumlarına dəstək və sair bu kimi əhəmiyyətli sahələri əhatə edir. Məlumdur ki, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları da xalqın, ictimaiyyətin səsini, mövqeyini, çağırışlarını dünyaya çatdıran vacib seqmentdir. Bu günlərdə İsveçrənin Cenevrə şəhərində BMT-nin irqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyasının gedişində də Azərbaycanın vətəndaş cəmiyyəti ölkəmizə, dövlətimizə atılan böhtanlara layiqli cavab verməklə həqiqətləri dünyaya bəyan etdi. 

 Qeyd edək ki, sessiyada iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin nümayəndələri Ermənistanın 12-14-cü dövrü hesabatına alternativ hesabat təqdim edib və hesabat BMT-nin rəsmi veb səhifəsində Ermənistanın dövrü hesabatı ilə birgə yerləşdirilib. Keçirilən brifinqdə də təşkilatların birgə bəyanatı səsləndirilib, komitənin Ermənistan üzrə məruzəçilərinin sualları cavablandırılıb, dəqiqləşmələr aparılıb. Qarabağdan köçən erməni mənşəli şəxslər, müharibə cinayəti törətməkdə təqsirləndirilərək həbs olunmuş ermənilər məsələsinə tam aydınlıq gətirilib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin qəbul etdiyi birgə Bəyanatda qeyd edilib ki, Ermənistan dövləti BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi Komitəsinə təqdim etdiyi hesabatda Ermənistan dövlətinin irqi-ayrı seçkilik siyasətindən və fəaliyyətindən bəhs etməmiş, hesabatının əhəmiyyətli hissəsini qonşu dövlətə həsr edərək, saxta, mənbəyi olmayan və həqiqəti əks etdirməyən məlumatları dövrü hesabata daxil edib. Bununla da, Ermənistan dövləti irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Konvensiyası üzrə öhdəliklərinə dair hesabat dövründə həyata keçirməli olduğu fəaliyyətlər, Komitənin əvvəlki qeyd-şərtləri, irad və tövsiyələri ilə bağlı həyata keçirməli olduğu hüquqi və praktiki fəaliyyətlərdən bəhs etmək əvəzinə, 30 il ərzində zəbt edərək effektiv nəzarət etdiyi ərazilər haqqında saxta və mənbəsiz məlumatlar verməklə Komitənin reqlamentinə uyğun olmayan hesabat təqdim edib. Ermənistan yarım əsr əvvəl etnik müxtəlifliyi ilə seçilən respublika olduğu halda, hazırda dünyanın ən monoetnik dövlətinə çevrilib və hazırda əhalisinin 99 faizə qədərini yalnız bir xalqın nümayəndələri - ermənilər təşkil edir. Sonuncu böyük etnik təmizləmə Ermənistanın müstəqillik əldə etməsindən əvvəl, 1988-ci ildə başlayıb və nəticədə 250 000 (bəzi mənbələrdə 320 000) azərbaycanlı əhali zorla və total şəkildə Ermənistandan deportasiya edilib. Azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də “yumuşaq təzyiq” üsulu ilə sıxışdırılaraq köçməyə məcbur edilib. Hazırda öz tarixi vətənlərinə qayıtmaq istəyən azərbaycanlılar birləşərək öz icmalarını yaradıb. Lakin rəsmi Ermənistan azərbaycanlıların öz vətənlərinə qayıtması üçün zəruri olan hüquqi və praktiki tədbirləri həyata keçirmir. 1987–1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları Ermənistan ərazilərində azərbaycanlılara məxsus 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi qarət olunaraq dağıdılıb. 223 qəbiristanlıq, 370 məscid, 68 tarixi-memarlıq abidəsi dağıdılıb. Hesabat dövründə də bu proses davam edib. 
Ermənistanın paytaxtı Yerevan şəhərində Azərbaycan xalqının mədəni irs nümunələrinin son qalıqları da məhv edilib. Hazırda Yerevanın Təpəbaşı adlanan ərazisində Azərbaycan xalqına məxsus olan bütün tarixi tikililərin, dini obyektlərin son qalıqları da məhv edilib və ərazidə yaşayış massivi salınır. İşğal dövründə yüzlərlə mədəni sərvət qəsdən və tamamilə dağıdılıb, zədələnib, talan edilib və tarixi-mədəni xarakterini dəyişmək məqsədilə dəyişdirilməyə məruz qalıb. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan 2 məscid isə müsəlman dünyasına hörmətsizlik olaraq murdarlanaraq donuz və inək üçün tövlə kimi istifadə edilib. Ermənistan Azərbaycan ərazilərini işğal edərkən 700 000 nəfərdən artıq insanı total və zorakı yolla deportasiya edib. Deportasiya zamanı minlərlə insan məhv edilib. Həmin insanların əksəriyyəti nifrət və irqi zəmində məhv edilib, seksual istismara və qul əməyinə cəlb edilərək məhv edilib, sonradan işğal altında saxladıqları ərazidə kütləvi surətdə dəfn edilib. Ərazilər işğaldan azad edildikdən sonra 18 kütləvi məzar yerləri aşkar edilib. Bəyanatda yer alan suallar arasında “1988-ci ilin dekabr ayına qədər Ermənistanda yaşamış 250 000-dən artıq azərbaycanlıya aid olan və fəaliyyət göstərmiş dini obyektlər, teatr binaları, muzeylərdən hazırda mövcud olanı varmı? Varsa təyinatı üzrə istifadə olunurmu” sualı da var. Ermənistanın 1 əsrdən artıqdır xalqımıza qarşı yürütdüyü milli-irqi düşmənçiliyin beynəlxalq təşkilatlara çatdırılmasında qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. Bu fəaliyyət əzəli yurd yerlərindən deportasiya edilmiş Azərbaycan türklərinin doğma torpaqlara qayıdışı üçün güclü zəmin yaradır. Bu istiqamətdə çalışan vətəndaş cəmiyyətlərindən biri də İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyidir. Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının təşkilatçılığı və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova çıxışında Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolu vurğulayıb. “Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir,” – deyə o qeyd edib. A.Sabitova bildirib ki, hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu kontekstdə QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr, həmçinin, https://qerbiazerbaycanirsi.az elektron bazası və “Danışır tarix” filmi, milli irsimizin təbliği və qorunması üçün mühüm addımlardır,” – deyə Sabitova əlavə edib. İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi haqqında məlumat verib. O bildirib ki, bu layihə çərçivəsində elektron baza yaradılıb və “Danışır tarix” filmi hazırlanıb: 

- Elektron bazada tarixi abidələr haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bazada yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi mövcuddur. Hazırda 250-yə yaxın abidə haqqında məlumat elektron bazaya daxil edilib. “Danışır tarix” filmində “Səlim karvansarayı,” “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi abidələrdən bəhs edir. Azərbaycanın qədim mədəniyyət nümunələrinin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Beynəlxalq təşkilatlar bu məsələni daha ciddi diqqətə almalıdırlar. 


Seçilən
43
sherg.az

1Mənbələr