AZ

Gəncə məktəbi barədə biabırçı iddia: "Uşağımın çantasına 7 manatlıq bilet qoyublar"

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə çoxsaylı nöqsanlara yol verilməsi ilə bağlı iddia səsləndirilib.

Oxu.Az xəbər verir ki, səs yazısında valideynlərdən biri sözügedən məktəbdə rüşvətin pik həddə çatdığını bildirib.

"İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbi rüşvətlə idarəolunan təhsil sisteminə çeviriblər. Fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair yığılır. Təhsil idarəsinin adından övladımın çantasına məcburi şəkildə yeddi manatlıq sınaq bileti qoyublar.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun vətəndaş qəbulunda oldum. Baş verən bütün nöqsanları özünə çatdırdım. Elçin Kərimova bildirdim ki, bizi məcbur edirlər ki, bu sınaq biletlərini alın, guya yarımillik qiymətləndirmə bunun əsasında yazılacaq. O isə cavabına qeyd etdi ki, bu biletlərdən xəbəri yoxdur.

Həmin məktəbdə təhsil yox, rüşvət təbliğ olunur. Mənim övladım bu yaşında niyə rüşvətin nə olduğunu bilməlidir?" - deyə beşinci sinif şagirdinin valideyni şikayət edib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məsələ ilə bağlı sorğumuzu belə cavablandırıb:

"İdarəyə daxil olan valideyn və vətəndaş müraciətləri operativ şəkildə qeydiyyata alınır və həmin müraciətlər əsasında müvafiq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Təhsil müəssisələrində valideynlərin əlavə tədris materialları almasına təşviq edilməsi, eləcə də müxtəlif sınaq imtahanları üçün məcburi şəkildə hər hansı vəsaitin toplanılması yolverilməzdir.

Bildiririk ki, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fəaliyyəti ilə bağlı yayılan səsyazısı ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində ümumi təhsil müəssisəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edirik ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə təhsil müəssisələrində sistemli və ardıcıl şəkildə yoxlama-nəzarət tədbirləri həyata keçirilir".

Seçilən
28
4
buta.media

9Mənbələr