AZ

“Suriyada baş verənlər uzun illərdir hazırlanmış planın tərkib hissəsidir”

“Suriyada baş verən hadisələr yeni dünya düzəninin gələcəkdə dizayn olunması istiqamətində atılan ilk addım kimi də qiymətləndirilə bilər”

Bunu Moderatora.az-a açıqlamasında politoloq Elçin  Abdullayev deyib.

Politoloq bildirib ki, yeni dünya düzəni ilə bağlı uzun illərdir müzakirələr gedir və “Ərəb baharı” adı altında başlanılan inqilablar yeni dünya düzəninin formalaşması üçün atılan ilk addımdır:

 “Bəşər Əsəd rejiminin çökməsi və Suriyanın  Əsədsiz bir hala gətirilməsi onu deməyə əsas verir ki, yeni dünya düzəni üçün gələcəkdə atılan ilk addım məhz Suriyadan başladı. Əsəd rejiminin çökməsi  Suriya xalqının və Əsədin getməsi üçün çalışan dövlətlərin və qüvvələrin sevincinə səbəb olsa da, burada ən böyük məyusluq, Əsədlə yanaşı, Rusiya və İran dövləti üçün oldu. Bu gün Suriyada baş verən hadisələr uzun illərdir hazırlanmış planın bir tərkib hissəsi idi. Mütləq ki, Suriyadan Rusiyanın “əllərini” kəsməklə Moskvaya böyük bir zərbə vurmaq lazım idi. Əsədi devirməklə böyük güclər buna müəyyən qədər nail olmuş oldular. İsrail  Əsəd rejimi çökməmiş dərhal bölgəyə öz qüvvələrini yeritdi və Qolan istiqamətindəki Hader İsrail Müdafiə Qüvvələrinin əlinə keçdi”.

Politoloq vurğulayıb ki, bu gün Türkiyə Suriyadakı hadisələrdə əsas güclərdən biridir:

“Türkiyənin əsas məqsədi, Suriyanın gələcəkdəki siyasi düzəninin formalaşmasına təsir etmək və Suriya xalqının azadlığa qovuşmasını təmin etməkdir. Bəşər Əsəd rejimini çökdürən qüvvələr məhz Türkiyəyə bağlı olan qüvvələrdir. Doğrudur, həmin quruplaşmalar zamanla İŞİD ilə birgə addım atdılar, amma sonradan İŞİD- in nə qədər amansız, acımasız və qansız olduğunu bildikləri üçün kənara çəkildilər və ayrıca bir mübarizə hərəkatı formalaşdırdılar. Məhz  Suriyada ön cəbhədə vuruşan və  Əsəd rejimini devirən, Türkiyədə hərbi təhsil alan insanlardır. Bu gün Bəşər Əsəd rejimini devirən qüvvələr həm də elə Suriya ərazisində, Türkiyənin proksi qüvvələri kimi də qiymətləndirilməlidir. Sabahlar onlar mövqelərini dəyişərsə, Türkiyə onda daha ciddi addımlar atmaq məcburiyyətində qalacaq. Suriya münaqişəsinin geopolitik gedişatı, gələcəkdəki qlobal düzənin necə dəyişəcəyini müəyyən edəcək”.

Mehin Mehmanqızı

 

Seçilən
56
48
moderator.az

10Mənbələr