AZ

Ölkəmizdə orqan transplantasiyası üçün həm infrastruktur, həm insan resursları mövcuddur

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin, Türkiyənin “Florence Nightingale Healthcare International Group”un və “Abbott” şirkətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransın mövzusu çox önəmli və ölkəmiz üçün əhəmiyyətlidir. Düşünürəm ki, konfrans iştirakçılar üçün çox maraqlı olacaq.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib.

“Konfransa Türkiyədən qonaqlar da qatılıb. Son zamanlar ölkədə transplantasiya ilə bağlı böyük nailiyyətlər var. Konfrans da məhz həmin nailiyyətlər, perspektivlər ətrafında qurulub. Tədbirin uğurlu olacağına inanıram”, - deyə C.Məmmədov bildirib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir Ümummilli Liderin əziz xatirəsinə, onun Azərbaycan xalqı üçün geridə buraxmış olduğu mirasa Azərbaycan vətəndaşının, Azərbaycan səhiyyə işçisinin nə şəkildə sahib çıxdığının göstəricisidir.

R.Mahmudov bildirib ki, dünyada orqan transplantasiyası ilə əlaqədar kifayət qədər inkişaf gedir. Artıq dünyada 100 minlərlə transplantasiya olunmuş insan var. Son mərhələ orqan çatışmazlığının qızıl standart müalicə üsulu orqan dəyişdirilməsidir ki, bu da ölkəmizdə 2009-cu ildən bəri intensiv şəkildə aparılır: “Ölkəmizdə artıq orqan transplantasiyasının həm infrastrukturu, həm insan resursları mövcuddur. Həmin əməliyyatlar dünyada qəbul ediləcək səviyyədə risklərlə həyata keçirilir. Bütün bunlarla yanaşı, icbari tibbi sığortanın tətbiqi səhiyyə qarşısında yeni hədəflər və qarşıya çıxa biləcək yeni problemlərin həllində addımlar tələb edir. Bunlar içərisində ən vaciblərdən biri meyitdən orqan transplantasiyasının həyata keçirilməsinə nail olmaqdır. Bu gün bu konfransda biz əhatəli bir şəkildə bütün mövzulardan bəhs edəcəyik. Həm dünya, həm də qardaş Türkiyə təcrübəsinə nəzərən ölkəmizdə bu sahədə aparılan işlərin daha da inkişaf etdirilməsi, problemlərimizin daha qısa müddət içərisində həll edilməsi yönləri ətraflı şəkildə müzakirə olunacaq. Əminəm ki, buradan çıxan nəticələrlə qısa müddət içərisində meyitdən orqan köçürülməsinin həm başlanmasına, həm də sistemli bir şəkildə davamına nail olacağıq. Çünki bunsuz transplantasiya sahəsinin sağlam bir şəkildə inkişaf etdirilməsi bəzən çətin olur”.

“Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Aran deyib: “Biz bu gün Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmək üçün buradayıq. Dünən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə memorandum imzaladıq. Türkiyə və Azərbaycanın səhiyyə sahəsində də birliyinə töhfə verməkdən çox xoşbəxtik. Ümid edirəm ki, bu əməkdaşlıq həm Türkiyə, həm də Azərbaycan üçün faydalı olacaq. Mərkəzi Gömrük Hospitalının transplantasiya komandası ilə birlikdə çarpaz transplantasiya kimi Türkiyə-Azərbaycan qardaşlığını gücləndirəcək bəzi təcrübələr həyata keçirə biləcəyimizə inanırıq”.

Seçilən
46
azertag.az

1Mənbələr