AZ

Xəbəri olmadan adına şirkət açılmış şəxs vergi borcuna görə cinayət məsuliyyətinə cəlb edilə bilərmi?

Vergi borcu və cinayət məsuliyyəti: şirkət sahibi olmayan, amma adına şirkət açılmış şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilərmi?

Hüquqi şəxslərin vergi borcu və cinayət məsuliyyəti: Kim cavabdehdir?
Təcrübədə ən çox qarşılaşdığımız sual bundan ibarətdir ki, adıma 3 şirkət təsis ediblər, hazırda həmin şirkətlərin 100.000 manat borcu var və mənim barəmdə vergi borcunu ödəmədiyimə görə cinayət işi açılır. Cinayət məsuliyyətə cəlb bilərəmmi?
Bu suala qısa şəkildə cavab verməli olsaq, əgər siz digər şəxsə etibarnamə vermisinizsə, hüquqlarınızı etibar etdiyiniz şəxs sizin adınıza şirkət açıb və sizin iştirakınız olmadan fəaliyyət göstəribsə, bir sözlə siz həmin şirkətə faktiki rəhbərlik etməmisinizsə məsuliyyətə cəlb olunmursuz.
Lakin, bu cavab sualın ümumi cavabıdır. Hadisələri daha detallı aydınlaşdırmaq üçün məsələnin hüquqi tərəflərinə diqqət yetirmək vacibdir.
Bu mövzunun geniş təhlili isə aşağıdakı kimidir:
Bir çox sahədə elektron xidmətlərin əhat dairə genişləndiyi kimi, hüquqi şəxslərin təsis edilməsi və idarə edilməsi sahəsində də təklif edilən elektron xidmətlərin əhatə dairəsi çox genişdir. Hətta bu sahədə elektronlaşma ele bir səviyyədədir ki, öz ünvanınızı tərk etmədən şirkət təsis edə bilər, həmin şirkətdən sahibkarlıq fəaliyyəti məqsədləriniz üçün istifadə edə bilərsiniz. Lakin, xidmətlərin bu qədər genişlənməsi bərabərində bu sahədə qanun pozmağa meyilli olan şəxslərə qanun pozuntusu üçün yeni “fürsətlər” yaradır. Hansı ki, həmin şəxslər özlərinə qurbanlar seçərək onların etibarından sui-istifadə edərək həmin şəxslərdən etibarnamələr alır və bütün prosesləri həmin şəxslərin adından icra edirlər. Ölkəmizdə yerli investisiyalı müəssisələrin təsis edilməsi tam elektronlaşdırıldığı üçün çox sadə formada 1 iş günü ərzində MMC yaradıb fəaliyyətə başlamaq mümkündür. Bu zaman bəzən hüquqi məsuliyyətlərdən xəbərsiz olan və ya bəzəndə işə düzəlmək adı ilə aldadılan vətəndaşlar digər şəxsə etibarnamə verməklə özləri bilmədən hüquqlarını etibar etdiyi şəxsə onun adına MMC təsis etmək hüququ etibar edirlər. Etibarnamə əsasında hüquqlarını etibar edən şəxsin iştirakı olmadan MMC yaratmaq və həmin şirkəti vergidən yayınmaq üçün sahibkarlıq fəaliyyətində istifadə etmək mümkündür. Bu kimi fəaliyyətlə məşğul olan şəxslər adətən təsis etdikləri müəssisələri qanuni məqsədlər üçün deyil, vergidən yayınmaq, məsuliyyətdən azad olmaq üçün edirlər. Çünki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və cinayət qanunvericiliyinə görə vergi borcuna görə bütün məsuliyyət müəssisənin rəhbərinin və ya məsul şəxsinin üzərinə olur. Bu kimi proseslər təcrübədə təkrarlandıqca sadə vətəndaşların eitbarından sui-istidə edib həmin şəxslərin adına müəssisələr açıb vergi öhdəliklərindən yayınması halları çoxaldıqca qanunvericiliyin də təkmilləşməyə ehtiyacı yaranırdı. Təcrübədə artıq “qanuni rəhbər” və “faktiki rəhbər” anlayışları formalaşmalı idi. Çünki, vergi ödəyicilərinin reyesterində “A” şəxsi şirkətin qanuni rəhbəri kimi görünsə də, araşdırma zamanı müəyyən olunur ki, həmin şəxs şirkətin yaradılmasından və ya idarə edilməsindən məlumatsızdır, faktiki olaraq bu şirkətin gəlirləri həmin şəxsə aid olmamışdır. Belə olduğu halda da, şirkətin qanuni rəhbərini vergi öhdəliyini icra etməməyə görə məsuliyyətə cəlb etmək qanunçuluq prinsiplərinə zidd olardı. Nəticədə, “faktiki rəhbər” anlayışı formalaşdı və şirkətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən şəxs sənəd üzərində vergi öhdəliyini icra etməyən şirkətlə heç bir əlaqəsi olmasa da həmin vergi öhdəliyinə cavabdehlik daşıyır və məsuliyyətə cəlb edilir.
Bəs yuxarıda qeyd edilmiş halların hüquqi əsası nədir?
İlk növbədə diqqət yetirkək ki, vergiləri ödəməmək hansı halda cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. Həmin maddənin qeyd hissəsinə nəzər saldığımız zaman isə bizə aydın olur ki, 50.000 manatdan yuxarı vergi öhdəliyinin icra edilməməsi vergi cinayəti hesab edilir.
213.1. Xeyli miqdarda (50.000-200.000 manat) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ? cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə(200.00 -500.000 manat) ? cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213.3. Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda(500.000 manatdan yuxarı) törədildikdə: ? üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
CM-in 213-cü maddəsində qeyd edilmiş cinayətin obyekti, dövlətin maliyyə-vergi və sosial sığorta sistemininin normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir.
Obyektiv cəhəti, xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını yayınmadır.
Subyektiv cəhəti isə, birbaşa qəsdlə törədilir. Təqsirkar xeyli iqdarda vergi öhdəliyini ödəməkdən yayındığını dərk edir və bunu törətməyi arzu edir. Əgər şəxs, mühasibat uçotunda yol verilmiş səhvlər, yanlışlıqlar, hesablama metodlarından düzgün istifadə etməmə, qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə mübahisələrindən doğan səhvlər nəticəsində vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını düzgün hesablamamış və ya düzgün ödəməmişdirsə bu cinayət üzrə məsuliyyət istisna edilir.
Bu cinayətin subyekti isə xüsusidir. Qanunla vergi və ya məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olan fərdi sahibkar və ya hüquqi şəxsin rəhbəri və ya məsul şəxsidir.
Vergi öhdəliklərinin yerinə yetirilməsi Vergi Məcəlləsinin 78-ci maddəsində təsbit edilmişdir.
Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir.
Vergi Məcəlləsinin 78.4-cü maddəsində isə qeyd edilmişdir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir.
Vergi Məcəlləsinin 78.4-cü maddəsindən də aydın olur ki, faktiki sahibliyi və ya rəhbərliyi həyata keçirən şəxs vergi öhdəliyinin icra edilməsinə məsul olan şəxsdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterli aktlar hesab edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı isə bu sahədə istinad edəcəyimiz başlıca aktdır. Hansı ki, faktiki rəhbər və qanuni rəhbər anlayışları ilk dəfə olaraq bu qərar vasitəsilə dəqiq qeyd edilmiş, hüquqi şəxsin qanuni rəhbərinin deyil, faktiki rəhbərinin məsuliyyətə cəlb olunması qərara alınmışdır.
Həmin qərarda qeyd edilmişdir ki, hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannamənitəqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun. Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır.
Plenum qərarının yekun hissəsində isə qeyd edilmişdir:
 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.
2. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.
Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarından bizə aydın olur ki, şirkətin qanuni rəhbəri şirkətin şirkətin idarə edilməsində faktiki iştirak etməmişdirsə, şirkətə faktiki olaraq rəhbərliyi həyata keçirən şəxs məsuliyyətə cəlb edilə bilər. Lakin, digər əsas bir məsələ bundan ibarətdir ki, şirkətin qanuni rəhbəri vergi öhdəliyindən məlumatlıdırsa və bu borcu yayındırmaq üçün faktiki rəhbər ilə əlaqəyə girisə iştirakçı kimi cinayət məsuliyyətinə cəlb edilə bilər.
Şulan Nağıyev
 
Vəkillər Kollegiyasının üzvü
Seçilən
37
banker.az

1Mənbələr