AZ

“Şəhərdən Kəndə”: Şabran və Qubanın aqroturizm təsərrüfatlarına infotur təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti infotur təşkil olunub.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, Şabran və Quba rayonlarına təşkil olunan infoturda 19 turizm şirkətinin nümayəndəsi iştirak edib.

İnfoturun ilk dayanacağı “Şabran Aqroturizm Mərkəzi” olub. İştirakçılar təsərrüfatın fəaliyyəti ilə tanış olub, göstərilən xidmətlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Səfərin növbəti dayanacağı Quba rayonunun İkinci Nügədi kəndində yerləşən “Kənd inn” təsərrüfatı olub. Turizm şirkətlərinin nümayəndələri təsərrüfat sahəsini gəzib, yaradılan imkanlarla maraqlanıblar. Qonaqlar sonda mövsümi meyvələrin yığımında iştirak edib, təsərrüfatda hazırlanan yerli mətbəxin təamları ilə tanış olublar.

“Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalları, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 391 təsərrüfat sahibi iştirak edib. Həmçinin turizm potensialının artırılması məqsədilə 26 təsərrüfata müxtəlif istiqamətlər üzrə dəstəklər göstərilib. Bu cür tədbirlər regionların iqtisadi inkişafına töhfə verməklə yanaşı, aqroturizmin inkişafına və Azərbaycanın turizm sektorunun dayanıqlı inkişafını təmin edir.

Seçilən
27
4
ikisahil.az

5Mənbələr