AZ

MKİS-lər vətəndaşlardan mənzil haqqı YIĞA BİLƏRLƏR?

El arasında “JEK” kimi tanıdığımız Mənzil-Kommunal İstismar Sahələri (MKİS) ilə bağlı şikayət var.

Medianews.az xəbər verir ki, bu barədə sakinlər oxu.az-a müraciət ediblər.

Vətəndaşlar qeyd ediblər ki, MKİS əməkdaşları “zibil pulu”ndan əlavə, özəlləşdirilmiş mənzilin kvadratmetrinə görə hesablanmış ödəniş tələb edirlər.

Maraqlıdır, belə bir qanun varsa, ödəniş hansı tariflə hesablanır?

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavədə sözügedən məsələ qeyd olunub: “Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) tam kommunal təminatlı mənzillər üçün 1 kv. metr yaşayış sahəsinə görə bir ayda 2 qəpik, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün 1 kv. metr yaşayış sahəsi üçün bir ayda 2 qəpik xidmət haqqı tarifləri təsdiq edilib, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 29.06.2024-cü il tarixli, 8 saylı qərarına əsasən, 01.07.2024-cü il tarixdən əhali üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına bir ayda 1 manat (1 iyul tarixinədək adambaşına bir ayda 30 qəpik olub) kommunal xidməti tarifi müəyyən edilib”.

Məlumatda bildirilib ki, yaşayış sahəsinə və kommunal xidmətə görə haqq hər ay üçün mənzil-istismar təşkilatlarının təqdim etdiyi ödəniş sənədləri əsasında həmin xidmətlərdən istifadə edən şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarının 1 nömrəli əlavəsinə müvafiq olaraq təsdiq edilmiş məbləğdə vaxtında və tam şəkildə ödənilməlidir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş mənzil (ev) xidməti tarifləri qüvvədə olduğundan mənzil-istismar təşkilatları tərəfindən mənzillərin hər 1 kv.m yaşayış sahəsinə görə ayda 2 qəpik xidmət haqqının və bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına ayda 1 manat kommunal xidmət haqqının hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Tarif (Qiymət) Şurasının yuxarıda adıçəkilən qərarlarına uyğun aparılır”.

Seçilən
49
3
medianews.az

10Mənbələr