AZ

“İsrail Suriyadakı davranışı ilə bölgədə yeni hərbi konfliktlər üçün baza yaradır...”- MÜSAHİBƏ

“Zelenskini guya Əsədin taleyini gözləməsi iddiasına gəlincə...Xeyr, mümkün deyil bu, həm də ona görə ki, Zelenski hakimiyyəti qəsb etmiş diktator, qatil və oğru deyil, qanuni seçilmiş prezidentdir...”

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə Moderator.az üçün söhbətimizdə Suriyada  Əsəd rejiminin devrilməsindən sonra baş verənləri müxtəlif aspektklərdən təhlil etməyə çalışdıq. 

-Ərəstun bəy, şükürlər olsun ki, Suriyadakı 61 illik “BƏƏS”, 53 illik Əsəd rejimi çökdü.  Rusiya Bəşər Əsəd rejimini doğrudan qoruya bilmədi, yoxsa bəzilərinin iddia etdiyi kimi, sadəcə “kiminləsə, hansısa sövdələşməyə görə” onu qurban verdi?..

-Suriyada son baş verənlərdə iştirak edən tərəflərin hər birinin davranışlarını əsaslandıran kifayət qədər obyektiv səbəblər var. Çox təəssüf ki, bizim cəmiyyətdə, yəni Azərbaycanda bir çox mövzulard olduğu kimi, bu mövzuda da bütün mülahizələr, ehtimallar daha çox konspiroloji və ya uydurma xarakteri daşıyır. Və ya kimlərsə manipulyasiya məqsədilə xüsusi dezinformasiyalar yayır...

Birinci ondan başlayaq ki, Bəşər Əsəd rejimii niyə məğlub oldu. Çünki o, məğlub olmalıydı.  Onun ordusunun, idarəçiliyinin vəziyyəti Bəşər Əsəd diktaturasına başqa şans qoymurdu.  İkincisi, Əsəd ona görə məğlub oldu ki, müxalifət həm hərbi, həm də siyasi cəhətdən daha yaxşı hazırlaşmışdı.  Artıq öz sıralarında filtrasiya aparıb öz sıralarını müəyyənləşdirmişdi. Və belə görünür ki, hərbi taktikanı da seçmişdi”, -deyə davamında analitik diqqətə çatdırıb.
 
Əslində Rusiya Bəşər Əsədi xilas etməyə çalışdı. İndi dövriyyəyə müxtəlif yanlış məlumatlar, dezinformasiyalar buraxırlar ki, guya Kreml Əsədi məqsədli şəkildə qurban verdi, guya kiminləsə anlaşdı. Yalan söhbətdi. Üsyançıların hücumları qarşısında Rusiyanın ilk addımı nə oldu; İdlibi, Hələbi bombalamaq. Amma sonra dayandı- başa düşdü ki, bu bombardmanların heç bir əhəmiyyəti olmayacaq. Çünki Əsəd ordusu tam olaraq mənəviyyatsızlaşıb,  psixoloji məğlubiyyətə uğrayıb, rejimin də heç döyüşmək, mübarizə aparmaq qabiliyyəti yoxdur. Nəticədə Rusiya geri çəkildi və artıq özünü xilas etmək haqda düşündü... 
 
“İran nə etdi? İran “HƏMAS”-ın İsrailə hücumu ilə başlayan və bir ildən artıq çəkən müharibədə özünün proksi qüvvələrini xeyli zəiflətdi və itirdi. Yəni “HƏMAS” da, “Hizbullah” da ağır itkilər verdi. Düzdü, “HƏMAS” heç vaxt Suriya prosesinə qarışmayıb, amma “Hizbullah” orada əsas oyunçulardan biri idi. İranın da gücü bura qədər idi... 
 
Türkiyə isə ötən müddətdə intensiv iş aparmışdı və Suriyadakı silahlı müxalifətin bir hissəsi ilə əlaqələr qurmuşdu. Elə həmin əlaqələrdən də yararlanaraq prosesləri nəzarətə götürdü... 
 
Xülasə, biz bütün bu obyektiv-subyektiv səbəbləri kənara qoyub nəyə görə kimlərinsə yanlış mülahizələrini, dezinformasiyalarını, məqsədli, pis niyyətli şayiələrini şərh etməliyik? Reallıq budur. Siyasət real fəaliyyətdir. Real fəaliyyəti bacaran qalib gəlir. Reallıqdan kənarda özlərinə xəyal dünyası qurub orada yaşayanlar isə elə orada da qalır.  Hər şey bu qədər sadədir...

-Suriyada, sözsüz ki, İsraillə Türkiyə arasında ən azı siyasi-diplomatik qarşıdurma da özünü göstərəcək. Çünki İsrail ordusu Trampın hələ ötən prezidentliyi dövründə rəsmən “İsrail torpaqları” elan etdiyi Colan təpələrindən sonra Dəməşqdən 40 km məsafədədəki “bufer zona”dakı strateji mövqeləri də tutub. Yollara, loqistikaya nəzarət edir. Hətta bəzi məlumatlara görə, İsrail hərbçiləri paytaxtın 20 km-dək gəlib və son günlər ərzində Suriya hökumət ordusunun əksər mövqelərini məhv edib. Eyni zamanda öz ordusunu “bufer zonası”ndan çıxarması üçün İsrail dövlətinin gələcək Suriya hakimiyyəti qarşısında şərtləri var. Mediasındakı açıqlamalardan da bəlli olur ki, İsrail təkcə kürdlərə yox, druzlara da dövlət qurulmasında maraqlıdır.... Bu cür deyilənlərə əsaslanan bəzi şərhçilər Rusiya, İran, “HƏMAS” və “Hizbullah”a vurulan zərbələri də nəzərə alaraq iddia edir ki, Əsəd rejiminin devrilməsindən daha çox qazanan Türkiyə yox, ABŞ və İsrail oldu. Siz necə düşünürsüz? 
 
-Hələlik Suriyada baş verənlər nəticəsində tərəflərin qazancları və itkiləri haqda danışmaq tezdir. Qısa vadəli baxdıqda itki verən Rusiya və İrandır, eyni zamanda da bölgədə rolu artan ölkə kimi Türkiyə görünür. Bununla yanaşı da biz Türkiyəyə qarşı müxtəlif tərəflərdən ən fərqli təxribatları müşahidə edirik. İlk növbədə də İsrail tərəfindən. Amma burda da yenilik yoxdur, çünki İsrail artıq uzun müddətdir Türkiyəyə qarşı fəaliyyət göstərən İraqdakı “PKK” və Suriyadakı “YPG”/”PYD” terrorçularını dəstəkləyir. Özü də təkcə bu ölkələrdə deyil, həm də bir çox region ölkələrində. Hal-hazırda Təl-Əviv Əsəd rejimindən xilas olmuş Suriyanın hərbi potensialını dağıtmaqla yanaşı, həm də bu ölkənin torpaqlarını işğal etməkdədir. Bu isə təkcə Türkiyə ilə deyil, həm də elə yeni Suriya ilə gələcəkdə ciddi qarşıdurmalar üçün zəmin yaradır. Israilin niyyəti həm də gələcəkdə Türkiyə və Suriya hökumətlərinə şərtlər irəli sürərək sonda işğal etdiyi ərazilərin ilhaqına nail olmaqdır. Bu isə təkcə bölgədə sabitliyin bərqərar olmasına yox, həm də elə ABŞ maraqlarına təhdidlər yaradan avantürist siyasətdir. Ən azı ona görə ki, əvvəla Türkiyə NATO ölkəsi və deməli, həm də ABŞ-nin müttəfiqidir, bundan əlavə, Türkiyə ultimatum dilində danışılacaq ölkə deyil. Odur ki, indidən ABŞ-ın və İsrailin qazandığını demək yanlış olardı. Bir şeyi isə artıq dəqiq demək olar: İsrail özünün Suriyadakı davranışı ilə bölgədə yeni hərbi konfliktlər üçün baza yaradır. İstisna deyil ki, elə İsraillə Türkiyə arasında... Görünür, Təl-Əvivdə düşünürlər ki, belə bir qarşıdurma yaranacağı halda ABŞ birmənalı olaraq İsrailin yanında olacaq. Xüsusilə də Ağ Evə ürəyində dərin İsrail sevgisi daşıyan Donald Trampın sahibliyi dövründə...  
 
-İsrailin Suriyada daha çox qazandığını iddia edənlər tərəfindən həm də belə bir versiya irəli sürülür ki, baş verənlər guya İsrail dairələrinin başında durduğu və bir növ iç-içə olan “Böyük Kürdüstan” və “Böyük İsrail” layihələrinin tərkib hissəsidir. Sizcə, bu, konspirologiyadır ki, yoxsa deyilən istiqamətdə doğrudan da real proseslər baş verir. İsrailin maliyyə naziri Bezalel Smotriç "Vəd edilmiş torpaqlar” məqsədindən danışır, Əsədin devriləməsindən sonra da Qəzzanı tam işğal etməkdən və İrana növbəti zərbələr endirməkdən bəhs edir...  Və s.
 
-Təəssüflə deməliyəm ki, bu məsələdə heç bir konspirologiya yoxdur. Yuxarıda qeyd etdiyim kimi İsrail hər iki istiqamətdə illərdir ardıcıl addımlar atmaqdadır. Burda başqa bir niyyət də öz təhlükəsizliyini təmin etmək və ekspansiya siyasətini yürütmək üçün İsrail qonşuluğunda yerləşən və regiona təsiri olan bütün ölkələrdə destabilizasiya ocaqları yaratmağa və onları daxili münaqişələrə çəkməyə çalışır. Odur ki, irqçi siyasətçi kimi tanınan Bezalel Smotriçin dediklərini xəstə təxəyyülün məhsulu deyil, irqçi siyasətin konturları kimi qəbul etmək lazımdır. Bu gün atılan addımlar da məhz həmin siyasətin tərkib hissəsidir. Dinçi-sionist partiyanın təmsilçisi olan Smotriç Tövratda yazıldığı deyilən torpaqları nəzərdə tutur, yəqin ki. Unutmayaq ki, İsraildə bu gün bəlkə də ölkə tarixində ən sağ ekstremist hökumət mövcuddur. Bu hökumət siyasi arenadan getməyincə hər şey ola bilər...  
 
-Sizcə, yeni yaradılan keçid hökuməti Suriyada müəyyən etdikləri 18 ay müddətində sabitliyə və ərazi bütövlüyünə nail olacaqmı? Onsuz da hələ ölkədə faktiki vətəndaş müharibəsi dayanmayıb, kürd qruplaşmalarıyla döyüşlər davam edir...   
 
-Buna nail olmaq çox çətin olacaq. Xüsusilə də müxtəlif neqativ xarici təsirləri nəzərə alsaq. Amma yeni hökumət daxili birliyə nail ola bilərsə və düzgün xarici tərəfdaşlar seçərsə, müsbət tendensiyalar mümkündür. Belə bir təcrübələri də artıq var. Unutmayaq ki, bu gün Suriyada hakimiyyətə gələnlər vaxtilə nəzarət etdikləri İdlibdə uğurlu sosial-iqtisadi siyasət həyata keçirə və nəticə əldə edə bilmişdi. Amma ölkə miqyasında bunu etmək üçün ilk növbədə daxili qarşıdurmalardan qaça bilmək və sabitliyi təmin etmək lazım olacaq. Bu məsələdə də yeni hökumət üçün uğurlu xarici tərəfdaş seçimi vacib məsələlərdən biridir... 
 
-Dünən - dekabrın 9-da mediada yayılana məlumata görə, Şamın kəşfiyyat xidmətində çalışan mayor rütbəli Xalid Beyye Suriyada baş verən hadisələrlə bağlı verdiyi açıqlamada guya Bəşər Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar aparmağa nail olduğunu iddia edib. Sizcə, bu, nə dərəcədə mümkündür? Hətta  Suriyada bu qədər sərvət olsa belə, o məbləğdə və çəkidə vəsaiti Bəşər Əsədin qaçaq yollarla belə Rusiyaya köçürməsi, yaxud nəqıiyyatlar çıxarması neçə mümkün olar?  
 
-Baxmayaraq ki , Əsəd rejiminin ən ağlasığmaz cinayətlər törətdiyinə şübhəm yoxdur, amma bunları ciddi məlumat hesab etmirəm. Nə məbləğ inandırıcı görünür, nə də bu qədər vəsaitin pul kütləsi şəklində harayasa daşınması. Hərçənd Bəşər Əsədin Moskvaya "əliboş" getdiyini də düşünmürəm, amma milyardlarla vəsait adətən, köçürmə yolu ilə idarə olunur... 
 
-Bəzi şərhçilər belə bir versiya irəli sürür ki, guya Trampın hakimiyyətə gəlməsi səbəbindən Ukraynada elə Zelenskini də Əsədin taleyi gözləyə bilər? Ümumiyyətlə,  sizcə, Tramp birbaşa hakimiyyətə gəldikdə doğrudanmı Suriya və Ukrayna məsələlərinə ciddi yanaşmayacaq? 
 
-Donald Trampın xarici siyasətinin indiki ABŞ prezidenti Cozef Baydenin siyasətindən fərqli olacağı aydındır, amma onun da Zelenskiyə münasibətdə loyal olacağını düşünürəm. Hələlik bunun səbəbləri barədə danışmaq istəməzdim. ABŞ hər iki münaqişənin əsas tərəflərindən biri kimi artıq aktiv iştirakçıdır. Odur ki, Trampın nə Ukrayna, nə də Suriya məsələsinə ciddi yanaşmayacağını demək üçün əsas görünmür. Hətta o, bunu çox istəsə belə...
 
Zelenskini guya Əsədin taleyini gözləməsi iddiasına gəlincə...Xeyr, mümkün deyil bu, həm də ona görə ki, Zelenski hakimiyyəti qəsb etmiş diktator, qatil və oğru deyil, qanuni seçilmiş prezidentdir...
 
Söhbətləşdi:
 
Sultan Laçın
 
Seçilən
87
50
moderator.az

10Mənbələr