AZ

Colaninin bu sözləri ilə İranı tamamilə “sildi”

“Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colaninin “Skay Nyus” telekanalına müsahibəsində səsləndirdiyi iki fikir Suriyada baş verənlər və perspektivlə bağlı fikirləri önə çıxarır.

Colani bildirir ki, onlar üçün ən böyük təhlükə Hizbullah, Suriyada İranın dəstəklədiyi silahlı birləşmələr və rejim idi. Suriyada baş verənlərin İsrailin HƏMAS-la müharibəsi, Livan əməliyyatı, ümumilikdə İranın proksi qüvvələrini sıradan çıxarmaq olduğu aydın görünürdü. Colani bunu təsdiq edir və əminlik yaranır ki, Əsədin devrilməsi ilə nəticələnən əməliyyatın arxasında ABŞ/İsrail olub. Və bu, həm də o deməkdir ki, Suriyanın yeni hakimiyyəti bütün tərəflərlə - Türkiyə, ABŞ, İsrail, hətta Əsədə dəstək verən Rusiya ilə işləsə də, İranı yaxın qoymayacaq. Mümkündür ki, Tehranla məsafəli təmaslar qurulsun.

Beləliklə, tam aydın oldu ki, Suriya müharibəsinin birmənalı itirən tərəfi İrandır.

Colaninin səsləndirdiyi “Xalq müharibədən tükənib. Ona görə də ölkə növbəti müharibəyə hazır deyil və müharibəyə qarışmaq niyyəti də yoxdur” sözləri isə fikirləri müəyyən qədər qarışdırır. Çünki xalq müharibədən tükənsə də, Suriyada toqquşma və münaqişə başa çatmayıb. Bunu ölkədə hələ də qalan qüvvələr və onların maraqları da təsdiq edir.

1. Türkiyə Əsədin devrilməsində ABŞ/İsraillə eyni mövqedən çıxış etsə də, PYD/YPG məsələsində toqquşacağı qaçılmazdır və bu, Suriyanın şimalında qarşıdurmanın davam edəcəyi deməkdir;

2. Suriya ərazisinə ordu yeridən İsrail Şam istiqamətində irəliləyib;

3. Rusiya Tartus və Hmeymim bazasını asanlıqla əldən vermək istəmir;

4. Qoşunlarını Suriyadan çıxarmayacağını bəyan edən ABŞ İŞİD təhlükəsini aktual olaraq saxlayır;

5. Və ən böyük zərbə alan İran da itirdiklərini asanlıqla həzm etməyəcək;

Bütün bunlar Suriyaya yeni və daha böyük toqquşmalar vəd edir. Çünki indiyə qədər ölkələr tərəflərini hədəfdə olan Əsəd üzərindən müəyyən edirdilər, bundan sonra maraqların toqquşması daha açıq müstəviyə keçir. Bu mənzərə fonunda sual yaranır: İranı – Hizbullahı ölkədən çıxarmaq missiyasını yerinə yetirən HTŞ ölkəyə nəzarəti ələ almaq üçün mübarizə aparmayacaqsa, bundan sonra missiyası nə olacaq? Bu sualın cavabı tam aydın deyil. Amma Suriyanın de-fakto bölünməsinin daha da dərinləşəcəyi və mərkəzi hakimiyyətin zəifləyəcəyi qaçılmaz görünür.

Seçilən
53
22
axar.az

10Mənbələr