AZ

"İndidən sonra əsas mərhələ başlayır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Suriyadakı hadisələr hələ çox yenidir və bu məsələlər barədə konkret nəisə demək çətindir. Məlum baş verən hadisələri məsələnin hərbi və siyasi tərəfi olmaqla iki hissəyə bölmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.

Tural Abbaslı sözlərinə belə davam edib: “Hərbi tərəf daha rahatdır deyə düşünürəm. Yəni, silahla gəlinib alındı. Burada ya öl, ya da öldür prinsipidir. Müxaliflər gəlib Şamda rejimi devirib hakimiyyəti ələ aldılar. Amma indidən sonra əsas mərhələ başlayır. Bu mərhələdə də idarə edən hökumətin qurulması, hökumətin legitimliyi, beynəlxalq aləmdə tanınması, yaxud özünün formalaşdırılmasını nəzərdə tuturam. Çünki bilindiyi kimi müxaliflərin tərkibi çox genişdir və burada müxtəlif silahlı qruplaşmalar cəmləşib. Yəni onlar Əsədi devirmək uğrunda bir araya gələ bilirdilər və gəldilər. Amma Əsəddən sonrakı dönəmdə siyasi anlamda qənimətin bölünməsi mərhələsində necə anlaşacaqları şübhəli məsələdir.

Nəzərə alsaq ki, burada müxaliflərin böyük əksəriyyəti döyüşçülərdir. Orada siyasilər çox azdır, hətta yox dərəcəsindədir. Amma dövlət idarəçiliyi siyasətçilər tərəfindən aparılmalıdır. Ona görə düşünürəm ki, çətin olacaq.

Böyük dövlətlərin regionda maraqları var. Onlar da təbii ki yeni hökumətin formalaşmasında bu və ya digər formada iştirak edəcəklər. Bizim istəyimiz və arzumuz odur ki, Türkiyə bu məsələdə daha öndə gəlsin. Türkiyə yeni hökumətin formalaşmasında söz sahibi olsun. Görünən odur ki, bu hələlik belədir.

Ərazi bütövlüyü məsələsində hələlik həm Suriyanın müxalif qüvvələrinin, həm də beynəlxalq qüvvələrin demək olar ki, böyük əksəriyyətinin elan etdiyi odur ki, biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və heç bir halda bölünməsinə, hətta dövlət quruluşunun unitardan federativə dəyişdirilməsinə tərəfdar deyilik. Çünki əgər bu proses başlasa burada dövlətin parçalanması labüddür. Çünki burada müxtəlif millətlər və dini bölgülər var. Bu baxımdan bütün ölkələr hələlik Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır. Təbii ki, bu İsrail kimi ölkələrin marağında deyil. İsrail Türkiyə məsələsinə görə orada bir kürd dövlətinin yaradılmasının marağındadır. Amma görünən odur ki, hələlik Suriyanın ərazi bütövlüyünün saxlanılması ilkin planda nəzərdə tutulub. Sonda bir daha qeyd edim ki, bütün bunlar fərziyələrdir, hələ bir söz demək çox tezdir və zamana ehtiyac var”.

Ayşən Vəli

phrase_var_article.chosen
53
sia.az

1phrase_var_article.sources