AZ

Azərbaycanın Çindəki səfirliyində Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Daha sonra Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxış keçirilib.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb.

Diplomat vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxarıb, işıqlı gələcəyin etibarlı bünövrəsini yaradıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, regionun sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətinə çevrilib.

B.Hüseynov həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi diqqət, Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfərinin iki ölkə əlaqələrində xüsusi əhəmiyyəti barədə məlumat verib.

Sonda Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş “İz” filmi nümayiş olunub.

Tədbirdə Çində yaşayan və təhsil alan azərbaycanlılar və digər qonaqlar iştirak ediblər.

Seçilən
27
3
editor.az

4Mənbələr