AZ

4.2 milyard dollarlıq narkotik kimindir?

Hindistan polisinin noyabrda Andaman və Nikobar adalarında bir gəmidə 6000 kiloqramdan çox metamfetaminin ələ keçirilməsi ilə nəticələnən əməliyyatıyla bağlı maraqlı detallar məlum olub.

Teleqraf.com xəbər verir ki, qaçaqmalçıların amerikalı iş adamı İlon Maskın “Starlink” şirkətinin istehsalı olan peyk cihazından istifadə etdikləri üzə çıxıb.

Hindistan cihazın kim tərəfindən alındığını öyrənmək üçün Maskın şirkətinə sorğu göndərib.

Andaman və Nikobarın administrasiyaları tərəfindən hind polisi adından göndərilən sorğuda “Starlink”dən alıcının adı, ödəniş üsulu, qeydiyyat məlumatları və Myanmadan Hindistana beynəlxalq sularda üzərkən qaçaqmalçıların internet cihazından harada istifadə etmələri kimi informasiyalar istənilib.

Polis ələ keçirilən metamfetamini 4.25 milyard dollar dəyərində hesablayıb.

Andaman polisi dekabrın 4-də Hindistan qanununa əsasən, aidiyyəti qurumlara araşdırma ilə bağlı şirkətdən məlumat almaq səlahiyyəti verən bildiriş göndərib.

Mənbələr “Starlink” hesabına qeydiyyatdan keçmiş mobil telefon nömrəsi və e-poçt identifikatorunun da istənildiyini deyirlər.

Maskın narkotiklərlə adının hallanması iddiaları yeni deyil. 2017-ci ildə “Tesla”nın keçmiş direktoru Linda Conson Rays Maskın narkotikdən istifadə etdiyini söyləmişdi. Son belə iddialara cavab verən amerikalı iş adamı bu ilin avqustunda sözügedən həbləri antidepresan kimi istifadə etmək üçün reseptinin olduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
55
teleqraf.com

1phrase_var_article.sources