AZ

AFW-ın 17-ci mövsümü: Mədəniyyətlərarası dəb dialoqu və davamlı gələcək - FOTO

Bakı Beynəlxalq Dəniz Vağzalında Azerbaijan Fashion Week-in 17-ci mövsümü keçirildi. Tədbir çərçivəsində Azərbaycan, Cənubi Koreya, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan dizaynerlərin kolleksiyaları nümayiş olundu. Yerli və xarici dizaynerlər milli ənənələri və müasir yanaşmaları bir araya gətirərək izləyicilərə unikal kolleksiyalarını təqdim etdilər.

Dəb nümayişinin ilk gününü tanınmış Azərbaycan brendi Ulker Huseynova açdı. Brendin kolleksiyası zəriflik və eleqantlıq elementlərini bir araya gətirən libaslarla seçildi. Digər iştirakçı NATAVAN brendi isə Nizaminin əsərlərindən ilhamlanaraq öz kolleksiyasında dahi şairin poeziya qəhrəmanları və sujetlərini canlandırdı. Tədbirdə həmçinin Azerbaijan Fashion Forward adlı gənc dizaynerlər yarışmasının iştirakçıları və qalibi COYORA by Ramazan Habibov təkrar emal materiallardan hazırlanan kolleksiyalarını nümayiş etdilər. 
Ekologiya və davamlı moda mövzuları həmçinin Cənubi Koreya brendləri The Ballon və The А Story kolleksiyalarında öz əksini tapdı.  Qeyd edək, The А Story  brendi noyabr ayında keçirilən BMT-in İqlim Dəyişikliyi Konfransı COP 29 tədbiri çərçivəsində ekoloji materialların inkişafına töhfəsinə görə mükafatlandırılmışdır.

Bundan əlavə, özünəməxsus üslubu ilə fərqlənən Gürcüstan dizaynerlərinin kolleksiyaları da böyük maraq oyatdı. Fransız-gürcü brendi Maison Keti by Keti Chkhikvadze Avropa dəbinin zənginliyini və modern üslubunu peşəkarcasına təqdim etdi. Iva Design by Iva Papidze brendi isə kişi dəbini qeyri-konformizm üslubunda təcəssüm etdirərək, moda həvəskarlarının böyük marağına səbəb oldu.

Sankt-Peterburqdan olan Rina Collection brendinin dizayneri Katerina İvanyuşkina öz kolleksiyasında  incə əl işləri, zərif naxışlar və Swarovski daşlarına üstünlük verdi. Kolleksiyanı podiumda nümayişi üçün Rusiyadan mədəniyyət və incəsənət nümayəndələri, eləcə də uğurlu biznes-qadınları dəvət olundu. Beləliklə, dizayner modanın hər bir qadının özünəməxsus gözəlliyini və fərdiliyini ön plana çıxarmalı olduğunu ifadə etdirdi.
Özbəkistanın tanınmış dizaynerləri - Shakhzoda Muxammedova, DilyaMur, Istorakhan, Gulchehra Yunusova, eləcə də Qazaxıstandan Studio4353 by Dinara Siitova və Aliya Zhumman, öz kolleksiyalarında etnik motivləri müasir trendlərlə uğurla birləşdirərək, ölkələrinin zəngin mədəni irsini nümayiş etdirdilər.

Tədbirin yaddaqalan məqamlarından biri də Manzar Zəkizadənin rəhbərliyi ilə Moda Akademiyasının tələbələrinin iştirakı oldu. Gənc dizaynerlərin işləri yaradıcılıq və incəsənətin təcəssümünü əks etdirirdi.
Beləliklə, Azərbaycan dəb həftəsinin 17-ci mövsümü özündə əsas mövzuları birləşdirdi: 
· Davamlı inkişaf: təkrar emal materiallarının istifadəsi və ekoloji yanaşma.
· Ənənə və innovasiya: mədəni irsin müasir şərhlərlə qorunması.
· Cəsarətli dizayn: orijinal kəsimlər, innovativ parçalar və qeyri-adi həllər.

17-ci mövsümün rəsmi siması və səfiri Paris və Milan Moda Həftələrində iştirakçısı, top-model Viya Lemann oldu. Onun üslubu və zərifliyi Azerbaijan Fashion Week-in dəyərlərini təcəssüm etdirirdi.

Azerbaijan Fashion Week təkcə dəb nümayişi deyil, eləcədə dizaynerlər, jurnalistlər, bloqerlər və moda sənayesinin peşəkarlarını bir araya gətirən mühüm beynəlxalq platformadır. Tədbir Mədəniyyət nazirliyi yanında Mədəniyyət və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzinin dəstəyi ilə keçirildi. Tədbirin baş informasiya tərəfdaşı 80 ildən artıq fəaliyyət gösətərən, moda, mədəniyyət və məşhurlar haqqında bəhs edən Hello! jurnalı çıxış etdi.

Dəb, mədəniyyət və məsuliyyət - Azerbaijan Fashion Week-in 17-ci mövsümünün təməl prinsiplərini təşkil edən üç əsas açar söz odu. Növbəti mövsüm də eyni dərəcədə parlaq olacağı və mədəniyyətlərarası dialoq və innovasiyalara ilham verəcəyi gözlənilir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

phrase_var_article.chosen
32
milli.az

1phrase_var_article.sources