AZ

Magistraturanı və rezidenturanı bitirənlər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər

Cəmiyyətimiz bu dəyişiklikləri, xüsusən hərbi xidmətə çağırışın yaş həddinin azaldılmasını alqışlayacaq və müdafiə edəcək.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılan işlər alqışlanmalıdır: “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin sırasını bir az da genişləndirmək olar. Çalışmalıyıq ki, dövlətin idarəetmə xərcləri azalsın. Gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyinin birləşdirilməsi çox müsbət addım olardı. Biz dövlət müəssisələrində çalışanlara daha yüksək əməkhaqqı da verə bilərik”.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibbi yoxlama ilə bağlı məsuliyyət daşımalıdır: “Necə əlilliklə bağlı Səhiyyə Nazirliyi məsuliyyət daşıyır, eyni prinsip burada tətbiq olunmalıdır və bu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etimadsızlıq kimi qəbul edilməməlidir. Xalqımız uzun müddətdir gözləyir ki, pul ödəmək qarşılığında müəyyən kateqoriyadan olan şəxslər hərbi xidmətdən azad olsun. Cəmiyyətdə gözlənti odu ki, magistratura təhsili almış, rezidentura təhsil almış şəxslər cəmiyyət üçün daha faydalı ola bilər, nəinki hərbi xidmətə getməklə. Bizim elə gənclər var ki, hərbi xidmətə yararlı olsa da, onun çiyninə 20 kq yük qoyub təpədən yuxarı qaldırsan, ona düşmən gülləsi lazım deyil, onun elə orada nəfəsi kəsiləcək. Hərb sənəti o demək deyil ki, hamı getsin, hərbçi olsun. Biz elmlər doktorlarını, fəlsəfə doktorlarını azad edirik. Bir bənd də əlavə edilsin ki, magistraturanı və rezidenturanı bitirən şəxslər müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilsinlər. Ümumiyyətlə, mən müqaviləli ordu tərəfdarıyam ki, peşəkar hərbçilər orduya cəlb olunsun. Digər məsələ isə 2 övladı olan şəxslərlə bağlı təklifim var ki, bu güzəştlər onlara da şamil olsun”.

Seçilən
37
5
azedu.az

10Mənbələr