AZ

Məktəblərdə dərs saatı PROBLEMİ - Musiqi, texnologiya və təsviri incəsənət fənləri BİRLƏŞDİRİLİR?

Bölgələrdə müəllim çatızmazlığı müzakirə olunan mövzulardandır. Cəmiyyətdə gedən müzakirələrdən belə nəticə çıxır ki, bölgələrə dərs demək üçün gedən müəllimlərin həmin ərazidə mənzillə, oduncaqla təmin olunması, kommunal xidmətlərlə bağlı müəyyən güzəştlərin edilməsi bu problemin həlli ola bilər.

Həvəsləndirmə qərarı gənc müəllimləri niyə həvəsləndirmir?

Xatırladaq ki, müəllimləri kənd məktəblərində işləməyə cəlb etmək üçün həvəsləndirmə (H1 və H2) tətbiq olunur. Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarı ilə bölgələrə işləməyə gedən 35 yaşadək müəllimlərin əməkhaqqına rayon mərkəzindən uzaqlığa görə beş il olmaqla iki adda əlavə ödənişlər edilir. H1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə  20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Şagird sayı az olan məktəblərin bağlanmaması üçün hansı addımlar ATILA BİLƏR?


Əgər gənc müəllim MİQ müsabiqəsində iştirak edib H1 və ya H2 tətbiq olunan hər hansı məktəbə müddətsiz müqavilə əsasında işə qəbul olunubsa və yaşı 35-dən çox deyilsə, hər ay əmək haqqına H1-90 manat, H2-190 manat (90 manatdan vergi tutulmaq şərtilə) əlavə olunur.

Bəzi ucqar kənd məktəblərdə fənn müəllimlərinin olmaması bu həvəsləndirmənin problemi həll etmədiyini göstərir.

“Azərbaycanda müəllim çatışmazlığı yoxdur”

Məsələyə münasibət bildirən Elm və təhsil naziri Emin Əmrullayev də əslində müəllim sayının çox olduğunu, lakin dərs saatları az olduğu üçün ucqar kəndlərdə işləmək istəmədiklərini bildirib:

“Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur. Hər il 60 minə yaxın şəxs müəllim olmaq istəyir. Müəllim çatışmazlığı olsa belə, bu, ucqar kəndlərdə şagird və sinif sayının az olması səbəbindən dərs saatının azlığı ilə bağlıdır. Xüsusi olaraq musiqi və təsviri incəsənət fənlərində dərs saatları azdır”.

Dərs yükü az olan müəllimlərin əmək haqlarının hesablanması qaydası necə olmalıdır?

Hazırda bütün tipdən olan ümumtəhsil məktəblərində müəllimlərin dərs yükü norması, yəni 1 stavka– 18 saatdır. Əvvəllər, yəni dərs yükünün 12 saat olduğu zamanlarda dərs saatı 12 saatdan az olan müəllimlərin əmək haqlarının ən aşağı stavka ilə hesablanması təklif olunurdu. Bu, bir neçə müddət tətbqi olundu. Lakin indi məsələ belə deyil, həm də haqlı olaraq da 12 saat dərs deyənlə, 6 saat dərs deyən müəllimin maaşı eyni olmamalıdır.

Bəs hansı addımlar bu problemi aradan qaldıra, müəllimləri bölgələrə getməyə sövq edə bilər?

Mövzuyla bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov deyib ki, burada bir neçə variantdan istifadə etmək olar:

“Bizim bir neçə yolumuz var, biri fənlərin birləşdirilməsidir. Məsələn, musiqi, texnologiya, təsviri incəsənət və bu kimi üç fənni birləşdirmək olar. Çünki hərəsi cəmi beş saatdır və o beş saata görə regionlara gedən yoxdur. Bundan başqa fizika, kimya, biologiya fənlərinin dərs saatı azdır, regionlarda müəlim çatışmazlığı var. Regionlarda ibtidai siniflərin sayında da problem var. Bu da urbanizasiya ilə bağlıdır, əhalinin çoxu şəhərlərə köçüb və bir ibtidai sinif müəllimi iki və daha artıq ibtidai siniflərə dərs deyir.

Şəhər yerlərində müəllim çatışmazlığı azdır, amma reallıq ondan ibarətdir ki, problemin aradan qaldırmaq üçün bir neçə addım atmalıyıq.

Əvvəla beynəlxalkq təcrübəyə uyğun olaraq müəllim vəzifəsini müəyyən etməliyik. Beynəlxalq təcrübədə belədir ki, müəllim vəzifəsinə qəbul olunur, 14 və bəzi ölkələrdə 16 saat dərs onun vəzifə maaşının içində olur. Əgər dərs az da olsa yenə də həmin əmək haqqını, ondan artıq dərs deyəndə isə əlavə əmək haqqı alır”.

O, bildirib ki, gənc müəllimlərin həvəsləndirilməsi ilə bağlı addımlar atılmalıdır:

“Bölgəyə gedən gənc müəllimlərin orada qalması, sosial şəraiti ilə bağlı heç kim maraqlanmır. Gənc müəllimlərin həvəsləndirilməsi ilə bağlı Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarı var. H1 və H2 adlandırılır, şəhər mərkəzindən 20 km-ə qədər 90, ondan çox olduqda isə 190 manat əlavə olunur ki, bu da azdır. Həvəsləndirmə tədbirlərini artırsaq problem aradan qaldırılmış olar.

Düşünürəm ki, 2026-cı ilə qədər az komplektli 1500-dən yuxarı məktəb birləşəcək və problemlər həllini tapacaq. O cümlədən də, 2027-ci ildən başlayacaq ikinci sertifikasiyada da daha peşəkar müəllimləri saxlamaqla biz həm qıtlığı, həm də problemi aradan qaldırmış olarıq”.

Günay Şahmar, Bizim.Media

phrase_var_article.chosen
48
bizim.media

1phrase_var_article.sources