AZ

Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən regionlarda təşkil edilən maarifləndirmə tədbirlərinin davamı olaraq Masallıda “Dini radikalizm: milli-dini həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Masallıdakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində “Həmişə bizimləsiniz!” filmi nümayiş olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dini sahəyə göstərilən münasibətdən, Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və qayğısından, nümunəvi tolerantlıq mühitindən danışıb. Masallıdakı dini durum barədə də qeydlərini səsləndirən Araz Əhmədov rayonda aparılan dini və hüquqi maarifçilik işlərinin əhəmiyyətini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdirlər. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modelinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərimizdə ilk diqqət yetirilən məsələlərdən biri məhz Qarabağ və Zəngəzura mənəvi qayıdışımızın simvolu kimi dini abidələrin təmiri oldu. Bu mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanmalıdır.

Sədr müavini qeyd edib ki, Azərbaycan sahib olduğu multikultural və tolerant dəyərlərinə görə nümunə göstərilən ölkələrdən biridir. G.İsmayılov cənub bölgəsində, Astarada yüz illərdir sünni və şiələrin birgə ibadət etdiyi məscidlərin olduğunu, “Heydər” məscidində qılanan vəhdət namazlarının Azərbaycan gerçəkliyini əks etdirdiyini söyləyib. O, ölkəmizin sahib olduğu bu zənginliklərin qorunub saxlanılmasında aparılan işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Regional konfrans işini panel sessiyalarla davam etdirib. Konfransın “Dini zəmində xarici təsirlər və onlara qarşı mübarizə” mövzusuna həsr edilən panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov moderatorluq edib. Paneldə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev çıxış ediblər.

Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılovun moderatorluq etdiyi ikinci paneldə “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin məsuliyyəti və rolu” barədə müzakirələr aparılıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov, Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov fikirlərini bölüşüblər.

Çıxışlardan sonra səsləndirilən təkliflərlə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini maarifçilik işinin təsir gücünün artırılmasında din xadimlərinin özünəməxsus rolunun olduğunu vurğulayıb. Din xadimlərinin və dini icmaların fəaliyyəti, onların qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumunun keçirilməsinin önəmini qeyd edib.

Süleyman
phrase_var_article.chosen
30
1
newscenter.az

4phrase_var_article.sources