AZ

Türkiyə xilasediciləri Əsədin “insan qəssabxanası”nda axtarışa başladı

Suriya diktatoru Bəşər Əsədin ailəsi ilə birlikdə Rusiyaya qaçmasından sonra Dəməşqdə ölüm yeri kimi tanınan “Sednaya” həbsxanasından qeyri-insani görüntülər ortaya çıxıb. 

“Cebheinfo.az” xəbər verir ki, “insan qəssabxanası” kimi tanınan “Sednaya” həbsxanasında hələ də əlçatmaz insanların qaldığı ehtimal edilir. Türkiyənin Dəməşqdəki səfirliyinin koordinasiyası və yerli hakimiyyət orqanlarının müraciəti ilə bölgəyə gələn Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) həbsxanada axtarış-xilasetmə işlərinə başlayıb. AFAD-ın sosial media hesabından yayılan açıqlamada qurumun sədri Okay Memişin başçılığı ilə Hataydan yola düşən qrupların Dəməşqdəki “Sednaya” həbsxanasına çatdığı qeyd edilir. 

Axtarış-xilasetmə işlərində 120 nəfərdən ibarət heyət, 4 axtarış iti və 43 nəqliyyat vasitəsinin iştirak etdiyi bildirilir. 

“Mütəxəssis qruplarımız tərəfindən divararxası görüntüləmə cihazı, yer radarı, seysmik akustik dinləmə cihazı kimi bütün texniki imkan və avadanlıqlardan istifadə edilib. Humanitar yardımdan tutmuş axtarış-xilasetmə işlərinə qədər bütün ehtiyaclarında suriyalı qardaşlarımızı dəstəkləməyə davam edirik. 

İnsanlarımız üçün ölkəmizdə, insanlıq üçün sərhədlərimizdən kənarda”,- deyə məlumatda bildirilir. 

Seçilən
27
cebheinfo.az

1Mənbələr