Göyçayda səhər saatlarından başlayan güclü külək bir sıra fəsadlar törədib.
Metbuat.az-ın məlumatına görə, rayonun Nizami küçəsində əsən sürətli külək yaşayış binasının dam örtüyünü uçurub. Hadisə nəticəsində xəsarət alan olmasa da minik maşını dam örtüyünün altında qalıb. Bundan əlavə, rayon ərazisində şiddətli külək digər yaşayış binalarının və fərdi evlərin dam örtüyünü uçuraraq yararsız hala salıb. Güclü külək nəticəsində bir çox elektrik naqilləri qırılıb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
Şəhərdə və kəndlərdə ağacların budaqları qırılaraq elektrik naqillərinin üzərinə düşüb. Nəticədə rayonun bəzi yerlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyd edək ki, hal-hazırda güclü külək davam edir.
Davud Tarverdiyev / Metbuat.az