AZ

Feyk xəbərlərlə MÜBARİZƏ: “Yalan yayanların əlində hər cür silah var”

“Media savadlılığı deyəndə, çox zaman insanlar nə isə bir qeyri-adi məsələ barədə düşünürlər. Əslində, hər bir insanın ümumi savadının yüksən olması elə media savadlılığına doğru atılmış ilk addım olacaq. Kiminsə dünyagörüşü dardırsa, Şekspiri Drayzerdən ayıra bilmirsə, onda yalanı da doğrudan fərqləndirə bilməyəcək. Yalan xəbərlərin baş alıb getməsi insanların birbaşa dərin biliyə sahib olmamasından irəli gəlir. Yarım əsr öncə ensiklopedik biliyi olan çox böyük insan toplumu vardı. Bu gün axtarış sistemi bu insanları bir növ əvəzləyib, onlara olan ehtiyacı öldürüb. Axtarış sistemində isə milyonlarla yalan və qərəzli məlumat var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Mütəxəssis media savadlılığı həftəsi çərçivəsində sözügedən məsələ ətrafında fikir mübadiləsi yürüdüb.

“Feyk xəbər deyilən bir anlayış da əmələ gəlib. Feyk – saxta xəbər deməkdir. Bu tip xəbərlər dünyanı ələ alıb. Saxta profillər, saytlar, televiziya kanalları, bloqçular, hətta saxta ekspertlər ordusu yaranıb. Yalan yayanların əlində hər cür silah var. Saxta platformalar hər gün onlarla dezinformasiya hazırlayıb internetə ötürürlər. Bu fonda doğru xəbər hazırlayanların bazarı daralıb. Bu ordunun həm reklamı var, həm də maliyyəsi, çünki bizim kimi insanlar bu materialları izləməklə, onları bəyənməklə, dosta-tanışa məsləhət bilməklə yalanı yaşadırıq. Bu haqda heç düşünmürük də”.

“Saxta xəbərlərlə mübarizə hər bir vətəndaşın özündən başlamalıdır. Hər birimiz “bu xəbər nə dərəcədə doğrudur” sualını özümüzə verməliyik. İnformasiya sferasında işləməyən, detalları bilməyən şəxs üçün yalan xəbəri aşkarlamaq elə də asan deyil. Bunun üçün bir neçə sadə vasitədən istifadə etmək olar. Yalan xəbərin mənbəyi heç vaxt ciddi olmur, ya da çox qeyri-müəyyən olur. Doğru xəbər paylaşanlar həmişə dəqiq mənbə göstərirlər. Yalan xəbərin başlığı çox zaman qeyri-adiliyi ilə seçilir, doğru xəbərdə isə əksinə. Xəbərin mənbəyini, özünü həmişə axtarışa verib dəqiqləşdirmək lazımdır. Etibarlı mənbələrdə varsa, deməli, inanmağa dəyər. Sosial mediada yayılan feyk xəbərdən isə hər bir halda şikayət etməyinə dəyər. Ciddi platformalar buna mütləq reaksiya verəcəklər”. – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
13
yenicag.az

1Mənbələr