AZ

Lamin Yamal: “Şəhərdə gəzə, ticarət mərkəzinə və ya kinoya gedə bilmirəm” - MÜSAHİBƏ

"Barselona"nın 17 yaşlı ulduzu Lamin Yamalın İspaniya mətbuatına müsahibəsi

- 2024-cü ildə Avropa çempionluğu, "Golden Boy", "Kopa Award mükafatları... Xəyal etmək belə çətindir, elə deyilmi?
- Bəli, doğrudur. Gənc yaşımda gözlənilməz uğurlarla qarşılaşdım. Amma həmişə sakit olmağa və ayaq üstə möhkəm durmağa çalışıram. Karyeram yeni başlayıb...

- Bütün bu mükafatları hara qoyursunuz? Çünki artıq sayları çoxalır...
- Hazırda onlar valideynlərimin evindədirlər. Çünki mənə hər zaman dəstək olan, yanımda olan da onlardır. "Golden Boy" kimi mükafatları alanda təşəkkür əlaməti olaraq valideynlərimə verirəm.

- Gündəlik həyatınız çox dəyişib?
- Bir az dəyişib. Tanınmadan gəzmək və ya məsələn, həvəslə dostlarla kinoya getmək mənim üçün çətindir.

- Ayaqlarınızı yerdə necə möhkəm saxlayırsınız? Yanınızda həmişə kimlər var?
- Şübhəsiz, ailəm və dostlarım. Onlar həmişə məni dəstəkləyir və əhəmiyyəti olan şeyləri xatırladırlar.

- "Ballon d'Or" mərasimində Rodri sizə dedi ki, bu mükafatı ən azı bir dəfə qazanacaqsınız. Həmin an özünüzü necə hiss etdiniz?
- Qürur duydum. Rodri kimi futbolçu və liderin dedikləri mənim üçün fəxrdir və məni işləməyə və təkmilləşməyə həvəsləndirir.

- "Ballon d'Or"u qazanmağı xəyal edirsiniz?
- Beynimə saldığım məsələ deyil. Çempionlar Liqasını və ya dünya çempionluğunu qazanmaq kimi başqa arzularım da var. Bir gün “Qızıl top”u qazansam, bu, ilk növbədə, kollektiv məqsədlərə çatmağın nəticəsi olacaq. Amma təbii ki, bu mükafatı qazanmaq əla olardı.

- Ötən "Ballon d'Or"un sorğusunda 8-ci yeri tutmusunuz! Harri Keyn və ya Toni Kroos kimi oyunçulardan qabaqda.
- Bu oyunçularla eyni siyahıda olmaq belə mənim üçün arzudur.

- 17 yaşındakı nailiyyətləriniz Messinin göstəricilərindən daha yaxşıdır. Sizi onunla müqayisə edəndə başınız gicəllənmir ki?
- Mən üçün fəxrdir, amma öz hekayəmi yazmağa çalışıram. Messi tarixin ən yaxşısıdır, mən isə hələ ilk addımlarımı atıram. Bəzən bu müqayisələr kömək etmir.

- Həmişə hansı oyunçuya örnək kimi baxmısınız?
- Messidən başqa Neymar və Ronaldinyoya. Əyləncə tərzinə, oyunu yaşama tərzinə görə...

- Ən çox məsləhət aldığınız, hər zaman dinlədiyiniz futbolçular kimlərdir?
- Həm "Barsa", həm də millidə ən təcrübəli komanda yoldaşlarım mənimlə danışanda həmişə diqqətli olmağa çalışıram. Rodri, Levandovski, Karvaxal, Frenki de Yonq, Rafinya...

- 17 yaşınız var və artıq dünya ulduzusunuz... Gündəlik həyatda nədən imtina edirsiniz? Nə etmək istərdiniz, amma edə bilmirsiniz?
- Az əvvəl dediyim kimi, şəhərdə gəzmək, ticarət mərkəzinə və ya kinoya getmək kimi sadə şeylər. Amma bilirəm ki, hər şeyin bir qiyməti var, hazırda şikayətlənmirəm.

- Avro-2024-ün karyeranızda dönüş nöqtəsi olması ilə razısınızmı? Sizi əsl ulduz edən turnir.
- Şübhəsiz. Mənə parlamağa və özünəinam qazanmağa imkan yaradan turnir oldu. Bununla belə, hələ təkmilləşdirəcəyim çox şey var, artıq növbəti hədəflər haqqında düşünürəm.

- Fransa ilə oyundakı qolunuz karyeranızda ən yaxşıdır?
- Bəlkə də Avropa çempionatının yarımfinalında olduğuna görə belədir. Hərçənd uşaq vaxtı çoxlu gözəl qollar vurmuşam.

- Alacağınız bütün təkliflərə “yox” deməyə hazırsınızmı? PSJ və "Mançester Siti"nin sizin üçün böyük məbləğlər xərcləməyə hazır olduqları barədə şayiələr gəzir.
- Xeyr, həqiqət budur ki, bu barədə düşünmürəm. Fikrimdə yalnız "Barsa", burada təkmilləşmək və titullar qazanmaqdır.

- Flik "Barsa"ya nə verdi?
- Məncə, intensivlik və özünəinam qazanmağa kömək etdi.

- Paltardəyişmə otağında yenidən "Barsa"nın hər şeyi qazana biləcəyi hissi varmı?
- Bu bizim məqsədimizdir. Buna nail olmaq üçün var qüvvəmizlə çalışacayıq.

- Bu mövsüm komandada ən çox nəyi bəyənirsiniz?
- Biz bir qrup kimi möhkəmlənə bildik, bir-birimizi daha yaxşı tanıyırıq. Fikrimcə, bu çox vacib məsələdir.

- Evdə oynamaqdan başqa, "Bernabeu"da oynamaqdan zövq alırsınız?
- Xoşuma gəlir, çünki bu, çağırışdır və çağırışları sevirəm. "Real Madrid"ə qarşı oyunlar həmişə xüsusi olur.

- Sizcə meydanda ən böyük üstünlüyünüz nədir?
- Düşünürəm ki, özümü hər şeyi etməyə təşviq edirəm və qorxmuram. Həm də ona görə ki, məşqçilər mənə azadlıq verir və bunu etməyə sövq edirlər.

- Oyundan kənar əsas bacarığınız nədir?
- Bəlkə də bu, yumor hissimdir. Ümumiyyətlə mən sadə şeylərdən həzz almağı sevən xoşbəxt insanam..

- 2025-ci ildə nə istəyirsiniz?
- "Barsa" ilə titullar qazanmaq və ailəmin rifahına töhfə vermək.

İdman.biz

Seçilən
33
3
idman.biz

4Mənbələr