AZ

Mayotta hakimiyyəti siklondan sonra aclıq və xəstəliklərin yayılmasından narahatdır

Bakı, 17 dekabr, AZƏRTAC

Mayotta səlahiyyətliləri ötən həftə arxipelaqı bürümüş dağıdıcı siklondan sonra aclıq, xəstəlik və qanunsuzluq hallarının Fransanın xarici ərazisinə yayılacağından narahatdır.

AZƏRTAC xəbər verir ki, “Şido” qasırğası Şərqi Afrika sahillərində yerləşən arxipelaqın böyük hissəsini viran edib.

Mayottanın bir çox əraziləri hələ də xilasetmə işləri üçün əlçatmaz olduğundan, bəzi qurbanların isə onların ümumi sayı rəsmi olaraq hesablanmadan dəfn edildiyindən, dağıntının həqiqi miqyasını qiymətləndirmək üçün bir neçə gün tələb oluna bilər.

Paytaxt Mamudzunun meri Əbdülvahid Sumaylının sözlərinə görə, 22 nəfərin həlak olduğu və 1400-dən çox yaralı haqqında məlumat təsdiqlənib.

“Bu gün prioritet məsələ su və qidadır. Ölənlər var və onların bədənləri çürüməyə başlayır ki, bu da sanitar problemləri yarada bilər. Elektrik enerjimiz yoxdur. Gecə düşəndə bu vəziyyətdən sui-istifadə edənlər var”, - deyə Sumayla bildirib.

“Reuters” yazır ki, iyirmi ton qida və su çərşənbə axşamı hava və dəniz yolu ilə əraziyə çatmalıdır.

Fransanın “Meteo France” xidmətinin məlumatına görə, “Şido” son 90 ildə Mayottanı vuran ən güclü qasırğa olub. Rəsmilər bildiriblər ki, o, Mozambikdə azı 34 nəfərin həyatına son qoyub. Malavidə isə daha 7 nəfər həlak olub.

phrase_var_article.chosen
34
1
azertag.az

2phrase_var_article.sources