AZ

Həbsxanadan azad edilmişdi - Əsədin agenti olduğu ortaya çıxdı

Suriyanın Sednaya həbsxanasından azad edilən şəxsin Əsəd rejiminin məşhur işgəncəçilərindən biri olduğu üzə çıxıb. Azadlıq anı beynəlxalq mediada geniş müzakirələrə səbəb olan şəxsin daha yüksək rütbəli zabitlə pul üstündə yaranan mübahisə səbəbindən həbs olunduğu iddia edilib.

Qaynarinfo xəbər verir ki, "CNN International" komandası Əsədin devrilməsindən sonra Sednaya həbsxanasında 3 ay saxlanıldığını iddia edən bir məhbusu görüntüləyib. 

Həmin şəxsin azad edilməsi anı CNN müxbiri Klarissa Vard tərəfindən "20 illik jurnalistika karyeramda şahidi olduğum ən qeyri-adi anlardan biri" kimi dəyərləndirilib.
 


Əsl kimliyi üzə çıxdı

Lakin Suriyadan olan mənbələr həmin şəxsin Əsəd rejiminin keçmiş kəşfiyyat zabiti olduğunu bildirib. İddialara görə, bu şəxs əslində Əsədin Hava Qüvvələri Kəşfiyyat İdarəsində uzun müddət xidmət edən və savaş cinayətlərində iştirak edən baş leytenant Salama Məhəmməd Salama olub.

Məhbus olduğunu iddia edən və özünü Adil Qurbal kimi təqdim edən şəxs Əsəd rejiminin devrildiyindən xəbərsiz olduğunu bildirib. Amma Müstəqil fakt-yoxlama agentliyi "Verify-Sy" təşkilatının hesabatına görə, onun sağlam və baxımlı göründüyü, işgəncə izlərinin olmaması və 3 ay qaranlıq hücrədə saxlanılan biri kimi davranmadığı müşahidə edilib.

Salama 3 ay ərzində günəş görmədiyini iddia etsə də, günəşə baxarkən gözlərini qırpmadığı qeyd edilib. Bundan əlavə, Adil Qurbal adında hər hansı bir qeyd də tapılmayıb.

Üz tanıma proqramı kimliyini təsdiq etdi

Salama ilə bağlı yayılan məlumatlar sosial mediada rezonans doğurub. "Verify"-Sy tərəfindən hazırlanan hesabat Klarissa Vardın paylaşımı altına əlavə olunub.
 

 
Yerli sakinlər isə "Əbu Həmzə" ləqəbi ilə tanınan Salama Məhəmməd Salamanın Humus şəhərindəki təhlükəsizlik məntəqələrində çalışdığını və hədə-qorxu ilə pul tələb etmə, oğurluq və insanları Əsədə casusluğa məcbur etmək kimi cinayətlər törətdiyini bildiriblər.
 


Bir fotoşəkil onun Əsəd rejiminin Hava Qüvvələri Kəşfiyyat İdarəsində zabit kimi xidmət etdiyini təsdiqləyib. Foto üzərində aparılan üz tanıma analizi şəxs ilə fotodakı adam arasında 99 faiz uyğunluq müəyyən edib.

Salama Məhəmməd Salamanın Sednaya həbsxanasına necə və nə üçün düşdüyü bəlli deyil. İddialara görə, o, daha yüksək rütbəli bir zabitlə aralarında olan pul mübahisəsi səbəbindən hücrəyə salınıb.

Aydın
Seçilən
17
1
qaynarinfo.az

2Mənbələr