AZ

BDU-da professor Şirməmməd Hüseynovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyi çərçivəsində "Azərbaycan mediası: tarix və müasirlik" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bu barədə "İki sahil"ə BDU-dan məlumat verilib.

Rektor Elçin Babayev bildirib ki, Şirməmməd Hüseynov öz araşdırmalarına hələ Moskvada aspiranturada oxuduğu illərdən başlayıb və bütün elmi yaradıcılığı boyu milli Azərbaycan mətbuatının araşdırılmasına böyük əmək sərf edib:

“Professor Şirməmməd Hüseynov böyük bir ənənənin, tarixi missiyanın, “Əkinçi” məktəbinin davamçısı idi. Bu ənənə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranan və formalaşan, klassik mətbuat xadimlərimizin milliliyə, vətənpərvərliyə əsaslanan ənənəsi idi. Şirməmməd müəllimin elmi və publisistik yazıları klassik mətbuat xadimlərimizlə müasir dövrümüz arasında bir körpü rolunu oynayır. Alim həmin dövrün ziyalılarının həyat və yaradıcılığını, milli mətbuat orqanlarımızın fəaliyyətini bizə yeni tərzdə, yeni təqdimatda çatdırır. Həm də sovet dövründə öyrənilməmiş zəngin, maarifçi Azərbaycan mətbuatının materialları ilə tanış edir”.

Sonra professor Şirməmməd Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör Ş.Hüseynovun millətinə, xalqına xidmət edən, tarix yaradan bir jurnalist-alim olduğunu vurğulayıb. O, Şirməmməd Hüseynovun öz şəxsiyyəti və yaradıcılığı ilə jurnalistika təhsilində yeni yol açdığını bildirib.

Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə bildirib ki, Şirməmməd Hüseynov müasir dövrün çağırışlarına cavab verən, ölkənin ictimai-siyasi mühitinə təsir imkanlarına malik minlərlə jurnalist yetişdirib.

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, Şirməmməd Hüseynov təkcə yazıları ilə deyil, vətəndaşlığı ilə də dərs keçib, nümunə olub.

Digər çıxışçılar Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini peşəkarlıqla yerinə yetirdiyini bildirib, xatirələrini bölüşüblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Seçilən
12
7
ikisahil.az

8Mənbələr