Futzal üzrə Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayan Azərbaycan millisi İsveçlə heç-heçə etməklə ilk xalını qazanıb.
Futbolpress.az xəbər verir ki, komandanın üzvü Ülvi Əliyev oyunla bağlı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb:
“İsveçlə oyunda bizə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Zalda gözəl atmosfer yaratmışdılar, gücümüzə güc qatdılar. Oyuna gəldikdə, meydana çıxan hər birimiz əlimizdən gələni etdik ki, seçmə mərhələyə qələbə ilə başlayaq. İki dəfə hesabda önə keçsək də, diqqətsizlikdən qollar buraxdıq və məğlub duruma düşdük. Ancaq son saniyəyə qədər oyun ritmini saxladıq, intizamı qoruduq, inandıq, mübarizə apardıq, xarakter göstərdik və bunun nəticəsi olaraq final fitinə 2 saniyə qalmış bərabərlik qolunu vurduq. Yenə deyirəm, qələbə qazanmaq üçün mübarizə apardıq. Oyunun gedişi də göstərdi ki, xüsusilə də ikinci hissədə daha çox qol epizodu yaratdıq. Təəssüf ki, epizodları realizə edə bilmədik. Halbuki qələbə layiq idik. Məncə, başlanğıc üçün 1 xal da pis nəticə deyil.
Hazırda milli komanda yenidən formalaşdırılır. Buna baxmayaraq, qarşımıza mümkün qədər çox xal toplamaq və üst sıralarda qərarlaşmaq tapşırığı qoyulub. Baş məşqçimiz Vitali Borisov da nələrə diqqət etməli olduğumuzu hər zaman başa salır. Ümid edirəm ki, yekunda istəyimizə çatacağıq”.