Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Aynur Bayramova prosesdə iştirak edə bilməyib.
Sədr təqsirləndirilən şəxsin iştirak etməməsini məhkəmə prosesinin süni şəkildə uzadılması kimi qiymətləndirib:
"Mən belə başa düşürəm ki, təqsirləndirilən şəxslər bu işi süni yolla uzatmaq üçün hər şeyi edir. Təqsirləndirilən Aynur Bayramova dünən axşam saat 11-də özünü narahat hiss etdiyini bildirib və Penitensiar xidmətin Müalicə Müəssisəsinə aparılıb. Buna görə də, hazırda prosesdə iştirak etmir. Onun daha öncə prosesdə də ürəyi getmişdi. Amma bu kimi hərəkətlər ədalətli qərarın verməsinin qarşısını ala bilməyəcək. Başa düşürəm ki, prosesə uzaqdan gələnlər var. Onlar nəzərə alınacaqlar. Təqsirləndirilən şəxslər düşünürlər ki, mən təqaüdə göndərilsəm, yerimə prosesə sədrlik etmək üçün hansısa təcrübəsiz hakim təyin edərlər. Amma unutmasınlar ki, məhkəmədə təcrübəsiz hakim yoxdur. Ümumiyyətlə, bu cinayət işi yekunlaşanadək prosesdə hakim olacam. Məhkəmənin qərarı tam obyektiv olacaq".
Zərərçəkmiş Tural Nəsmiyev iddia edib ki, təqsirləndirilən Aynur Bayramova bu əməli qəsdən edib: "Mənim fikrimcə təqsirləndirilən şəxsin növbəti addımı öz barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəmək olacaq. Bunun üçün o, səhhətini bəhanə edəcək. Sizdən xahiş edirəm, bununla bağlı tədbir görülsün".
Sədr qeyd edib ki, son qərarı müaviq araşdırmalar nəticəsində obyektiv verəcək və qeyri-qanuni əməllərin qarşısını alacaq.
Proses təqsirləndirilən şəxs iştirak etmədiyi üçün 8 yanvar tarixinədək təxirə salınıb.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.