AZ

İranın dalana dirənməsinin doqquz səbəbi – Sepahın Tehranı təmizə çıxarmaq cəhdi - ŞƏRH + FOTO

İran regional və qlobal səviyyədə aktor sayılır. Bir çox sahələrdə ondan daha obyektiv olmaq tələb olunur. Ancaq o, cığallıq etməklə qaydaları pozmağa səy göstərir. Bu halda yaranan şərait və vəziyyət Tehran hakimiyyətinin, cəmiyyətin ziyanına olur.
 
Fələstinin Qəzza zolağında HƏMAS-ın, Livanda “Hizbullah”ın zəifləməsi, Suriyada Bəşşar Əsəd rejiminin süqutu İslam Respublikası rəhbərliyinin daha məntiqli davranacağını, dialoqa açıq olacağını ehtimal etməyə əsas verirdi.
 
Ancaq ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamənenin Suriyadakı hadisələrdən sonrakı bəlağətli, radikal çıxışları bunun əksini düşünməyi proqnozlaşdırmaq üçün imkan yaradır. O bildirib ki, müqavimət hərəkatı (Tehran hakimiyyəti Yaxın Şərqdəki proksi qüvvələrini ümumilikdə belə adlandırır-müəl) daha sərt şəkildə davam edəcək. Onun sözlərinə görə, ABŞ və İsrail bu prosesi dayandıra bilməyəcək və s.
 
 
İran dalana dirənən vəziyyətdən çıxış yolu tapmaq, yeni Yaxın Şərqə uyğunlaşmaq, onun yenidən qurulması istiqamətində mütərəqqi, sülhsevər təkliflər irəli sürüb, əməkdaşlığa çağırışlar etmir. Tehran hakimiyyəti indiki vəziyyətdə belə qonşu dövlətləri və Qərbi ittiham edir. Özünün region üçün deyil, onların İrana problem olduğu iddiasını irəli sürür.
 
Ötən gün İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalında İranın təhlükəsizliyini təhdid edən səkkiz mətləbdən bəhs edib. Sepah mediası bu siyahıda Zəngəzur yolu layihəsini birinci yerdə qoyaraq, bunu “regional gərginlik” amili kimi də təqdim edib: “Sionist rejim (İsrail dövlətini nəzərdə tutur - müəl), ABŞ, Türkiyə və müttəfiqlərinin dəstəyi ilə İranı zəiflətmək üçün Cənubi Qafqazda sabitliyi pozmağa başlaması ehtimalı var. Bu, Zəngəzur və Naxçıvan bölgələrində münaqişələrə gətirib çıxaracaq. Nəticədə bu da İran üçün yeni təhlükəyə çevriləcək”.
 
 
Zəngəzur yolunun İran üçün təhlükəyə çeviriləcəyinin cəfəng iddia olduğu müxtəlif səviyyələrdə verilən rəsmi açıqlamalar, mütəxəssislərin araşdırmalarla sübut edilib. Bu yol Rusiyanın vasitəçiliyi və zəmanəti ilə rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikdir. Layihə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dair şərtlərdən biridir. Ondan başqaları ilə müqayisədə daha çox Zəngəzurun yerləşdiyi ölkələr faydalanacaq. Perspektivdə İranın da bu yoldan istifadə etməsi istisna edilmir. Başqa sözlə yol regional və qlobal miqyasda faydalı olacaq. Sepah bu layihədə heç bir rol almadığından, kənar vəziyyətdə qaldığından, aranı qarışdırmağa səy göstərir. Sepahın məntiqindən belə çıxır ki, Ermənistanın varlığı İran üçün təhlükə mənbəyidir. Çünki bu ölkədə İran hakimiyyətinin düşmən saydığı ABŞ-nin çoxsaylı layihələri icra olunur.
 
Sepah “Qadın, həyat, azadlıq!” şüarı əsasında keçirilən aksiyaları da “düşmənlərinin” üzərinə atıb, bunu təxribat sayır. Bu hissədə təəssüf ki, qvardiyanın təbliğat maşını yenə “tiri öz gözündə” görmək istəməyib, mürtəcelikdən əl çəkmək istəmir.
 
Sonrakı yerdə Əfqanıstanda “Taliban” hərəkatının ABŞ tərəfindən dəstəklənməsinə dair bölüm yer alır. Onların iddiasına görə, ABŞ və İsrailin planı İranın sərhədlərində qeyri-sabitlik yaratmaqdır.
 
 
Ancaq sirr deyil ki, bu hərəkat Əfqanıstanda yenidən hakimiyyətə gələndən sonra ona “gül dəstəsi” aparanların sırasında İran hakimiyyəti ilk yerdə duranlardan olub. Sonrakı illərdə də “taliban”la iqtisadi-ticarət sahədə əməkdaşlığa dair danışıqlar aparıb.
 
Dördüncü bölümdə Sepah iddia edib: “Düşmən iqtisadi təzyiq, korrupsiya və təxribatlarla İran əhalisi arasında narazılıq yaratmağa çalışır”. Ölkənin bütün problemlərini “düşmənin” üzərinə atmaq İranda yüz illik “adət-ənənədən” irəli gəlir. Növbəti iddia “Yeni Yaxın Şərq” və ABŞ-ın enerji sektoruna müdaxiləsi” sayılır. Yenə də ABŞ suçlu sayılır.
 
Sonrakı bənd İranla altılıq arasında bağlanmış Əhatəli Razılıq Müqaviləsi ilə bağlıdır. Bu məsələdə də ABŞ və Avropadakı müttəfiqləri ittiham olunur. Sonrakı yerdə “körfəz və Qırmızı dənizdə yeni manevrlər”dir. İddia edilib ki, ABŞ və müttəfiqləri İranı cilovlamaq üçün bölgədə yeni hərbi koalisiyalar yaradacaq. Səkkizinci bölmədə, yenə “Taliban” ittiham olunub: “Düşmən etnik və qəbilə qruplarından istifadə edərək İran sərhədlərində münaqişələr yaratmağa çalışacaq”.
 
Tehran hakimiyyəti, Sepah üçün xariclərin, onların termini ilə ifadə etsək “düşmən”in rolu olmayan doqquz bölümü də qısaca olaraq xatırlatmaq istərdik.
 
Birinci, İran hakimiyyətinin region və qonşu dövlətlərini özünə düşmən görməsidir. Bütün ətrafdan xoflanmaq, hamıdan şübhələnmək və s. bu kimi çatışmazlığı olanları şizofrenik sayırlar.
 
 
İkinci, Tehran müsəlman dövlətləri düşmən sayır. İranın Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və başqaları ilə münasibətlərdə iddialı davranışı, münasibəti hələ də davam edir.
 
Üçüncü, yaxın və uzaq dövlətlərin daxili işinə müdaxilə etmək. Bunu Azərbaycan Respublikasında Ocaqnejatın “beşinci kolon” yaratmaq istiqamətində fəaliyyəti də təsdiqləyir. Suriya, İraq, Fələstin, Livan, Yəmən, Türküstan (mərkəzi Asiya ölkələr), Əfqanıstan, Türkiyə və başqa dövlətlərin daxili işinə qarışmaqla nüfuzunu itirib.
 
Rusiyanın Ukraynadakı müharibəsində birmənalı şəkildə birinci tərəfin yanında yer alması da onun müdaxilə məsələsində həm də yedək olduğunu təsdiqləyir.
 
Dördüncü, islam adı altında məcburi qaydaların tətbiq edilməsi. Bu məsələdə vətəndaşların, insanların istəkləri nəzərə alınmır. Belə bir vəziyyəti isə müxtəlif etirazların yaranmasına səbəb olur. Bu sahədə boşluğu Tehran hakimiyyəti “Hicab və iffət” qanununu sərtləşdirməklə doldurmağa səyi edir. Bu da əks-effekt yaradır.
 
Qum dini-elmi ideoloji mərkəzinin fiqh üzrə tanınmış ruhanisi ayətullah Seyid Əli Mühəqqiq Damad qanuna toxunaraq deyib: “Hicabı çəkiclə düzəltmək olmaz”. Onun sözlərinə görə, belə davranışların aparıcıları olan bəzi şəxslər hicabı üzlərinə tutaraq, uğursuzluqlarını ört-basdır etmək istəyir. O vurğulayıb ki, əsas məsələ xalqın inancıdır.
 
Deməli, Sepahın bu məsələnin xaricdən körklənməsi iddiası özünü doğrultmur.
 
Beşinci, Qərb İranda korrupsiya və rüşvətxorluğu dəstəkləmir. Prezident Məsud Pezeşkian hökumət rəsmilərini tənqid edərək deyib: “20 milyon litr yanacaq necə itib?” Bu, İranda sui-istifadə hallarının miqyasını müəyyənləşdirməyə kifayət edir.
 
 
Altıncı, Tehran hakimiyyəti Suriyada Bəşşar Əsədə, Qəzza zolağında HƏMAS-a, Livanda “Hizbullah” milyardlarla dollar xərcləyib. Onun qarşılığında dövlət büdcəsi nə qazanıb? Heç nə. Çünki keçmiş SSRİ təcrübəsi var. Onda Moskva Asiya, Afrika, Latın Amerikası ölkələrində sosialist inqilablarını dəstəkləyir, maraqlarının təmin olunmasına çalışırdı. Bunun üçün o da milyardlarla dollar xərcləyirdi. Nəticədə bu hikkəli və iddialı siyasət yürüdənlərin iqtisadiyyatı “ölməkdə olan imperializmin” ardınca süründü. Hazırda Rusiya da oxşar siyasəti davam etdirir.
 
Bu günlərdə İsrailin Baş naziri Benyamin Netaniyahu İran xalqına videomüraciətində bildirib ki, Tehran hakimiyyəti Suriyada Bəşşar Əsəd rejiminə 30 milyard dollardan çox maliyyə vəsaiti xərcləyib: “11 günlük müharibədə bütün bunlar külə döndü”. O, Tehranın HƏMAS üçün milyardlar, “Hizbullah”a isə 20 milyard dollardan çox maliyyə vəsaiti xərclədiyini bildirib.
 
Yeri gəlmişkən, Məsud Pezeşkian İranın neft-qaz sektoruna 200 milyard dollar sərmayənin lazım olduğunu bildirib. O, dolayı yolla bu məbləğin tapılmadığını da qeyd edib.
 
 
Yeddinci, Tehran hakimiyyəti aztəminatlı ailələrə sosial güzəştləri demək olar ki, ləğv edib. Halbuki İslam Respublikası özünü həm də sosial yönlü sayır, neft və təbii qazdan əldə edilən gəlirdən aztəminatlılara pay verirdi. Ancaq indi o, sosial cəhətdən yoxsul vətəndaşların pullarını HƏMAS, Bəşşar, “Hizbullah”ın yolunda xərcləyir, necə deyərlər, “külün göyə sovurur”.
 
Səkkizinci, İran konstitusiyasının dərin islahata ehtiyacı var. Ölkədə hakimiyyət bölgüsü ziddiyyətlidir. Fars olmayanların milli hüquqları əsas qanunda aydın şəkildə təsbit olunmayıb. İqtisadi baxımdan da onların maraqlarını bu qanun müdafiə etmir. Ölkənin müxtəlif əyalətlər bölünməsində region sakinlərinin maraqları nəzərə alınmayıb. Konstitusiyada bir təriqətin hegemonluğu vurğulanıb. İslamın başqa təriqətlərinin təmsilçiləri, sakinləri diskriminasiyaya məruz qalır. Dini azlıqlar arasında ayrı-seçkilik qoyulur.
 
Doqquzuncu, hakimiyyətlə cəmiyyət arasında uçurum dərinləşir. İslam Respublikası liderlərinin portretləri, posterləri yandırılır, cırılır, alçaldılır. Hakimiyyətlə cəmiyyət arasında dialoq yoxdur. Bir qrup hər şeyi yaxşı bildiyini zənn edir. Bununla da vətəndaşlarına sayğısız yanaşırlar.
 
Bu doqquz bölümdə Tehran hakimiyyətinin düşmənlərinin heç bir rolu yoxdur. İran rəhbərliyi 45 illik regional və daxili siyasətinin uğursuzluğunu “düşmənlərin” üzərinə atmaqla özünü təmizə çıxarmaq istəyir. /report.az/
 
phrase_var_article.chosen
11
6
moderator.az

7phrase_var_article.sources