AZ

Rusiya XİN: Moskva Bakı ilə İrəvan arasında humanitar məsələlər üzrə dialoqa töhfə verməyə hazırdır

Moskva, 18 dekabr, AZƏRTAC

Moskva Bakı ilə İrəvan arasında humanitar məsələlər üzrə dialoqa töhfə verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Azərbaycan Prezidentinin Ermənistana Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışıqlara başlamaq çağırışı ilə bağlı sualını cavablandırarkən bildirib.

Zaxarova qeyd edib ki, ən yüksək səviyyədə üçtərəfli razılaşmaların elementlərindən biri humanitar blokun müzakirə edilməsidir. Buraya qaçqınların hüquqlarına riayət edilməsi, mədəni və dini irs abidələrinin qorunması, itkin düşmüş şəxslərin axtarışı və hərbi əsirlərin mübadiləsi kimi məsələlər daxildir.

“Biz Bakı ilə İrəvan arasında həm rəsmi, həm də ictimai xətt ilə humanitar məsələlərin bütün spektri üzrə dialoqun bərpasının vacibliyini dəfələrlə qeyd etmişik. Əgər tərəflər bizim imkanlarımızdan istifadə etmək istəsələr, biz də öz tərəfimizdən kömək etməyə hazırıq”, - deyə diplomat vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

phrase_var_article.chosen
10
5
azertag.az

7phrase_var_article.sources