AZ

Vüqar Rəhimzadə: Müasir dövrdə media savadlılığının artırılması günümüzün əsas tələbləri sırasındadır

Azad medianın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsi kimi  diqqətdədir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki,  müasir dünyada azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın müstəqillik tarixinin 1993-cü ildən bu günə qədərki dövrünün təhlili belə bir  reallığı təsdiqləyir ki, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar prosesi mediada da geniş şəkildə özünün aydın ifadəsini tapır. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas  hədəflərdən biri jurnalist peşəkarlığının  və məsuliyyətinin artırılmasıdır. Nəzərə alsaq ki, ictimai fikrin  formalaşmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür, bu halda  onların ictimaiyyətin informasiya tələbatını hansı səviyyədə, daha dəqiq desək, informasiyaların dəqiqliyinin yoxlanılması   şəraitində ödəmələri daha böyük önəm daşıyır. Digər tərəfdən, bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan  internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Bu mühüm statistik rəqəm də   jurnalist peşəkarlığının və məsuliyyətinin aktuallığını təsdiqləyir. Azərbaycan dövlətinin mətbuatın inkişafına yönələn addımları davamlılığı ilə diqqətdədir. Əgər mətbuat da öz növbəsində, üzərinə düşən missiyanı  sözün həqiqi mənasında söykəndiyi prinsiplər əsasında  yerinə yetirərsə, bu halda  həmin mətbu orqana cəmiyyətdə  inam da böyük olar, KİV-lər əhalinin informasiya tələbatını daha dolğun şəkildə ödəyər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki,  ölkəmizdə  “Media savadlılığı” Həftəsinin keçirilməsi də jurnalist peşəkarlığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı özündə mühüm çağırışları ehtiva edir. Təbii ki, bu tələb jurnalistin əldə etdiyi informasiyanın dəqiqliyini araşdırmadan cəmiyyətə təqdim etməsinin mümkünsüzlüyünü ortaya qoyur. Dezinformasiyanın hansı problemlərə yol açdığını unutmamalıyıq. Dövlətimizin başçısı İlham Əliyevin hələ 2016-cı ildə  Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimindəki çıxışında  dezinformasiyaların yaratdığı problemlərdən bəhs edərək bu məqamı vurğulamışdır ki, bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir: “Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Yəni,  burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.”  Prezident İlham Əliyev sözügedən tədbirdə medianın rolu ilə  yanaşı, məsuliyyətinin də artdığını diqqətə çatdırmışdır. Azərbaycanın belə tədbirlərə ev sahibliyini  müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi  kimi dəyərləndirən dövlətimizin başçısı bildirmişdir ki, hamımız azad medianın tərəfdarıyıq. Hamımızın, xüsusilə də 70 il Sovet İttifaqının tərkibində yaşamış Azərbaycan kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O dönəmdə yalnız vahid rəsmi siyasət və vahid ideologiya mövcud idi və bizim heç bir məlumata çıxışımız yox idi. Təkcə bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən nələrin baş verdiyi ilə bağlı məlumat əldə etmək hüququ var.

   Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bütün çıxışlarında ölkəmizdə azad mətbuatın inkişafından bəhs edərkən daim informasiyanın dəqiqliyinin vacibliyini xüsusi vurğulayır. Səsləndirilən hər bir çağırış mətbuatın qarşısında mühüm vəzifələr qoymaqla yanaşı, qarşıdakı dövrdə hədəflərə yüksək səviyyədə nail olmaq üçün yol xəritəsidir.

   Milli Məclisin deputatı diqqəti  “Media savadlılığı” Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə  keçirilən “Media savadlılığı” konfransına yönəldərək qeyd edib ki, Medianın İnkişafı Agentliyinin yaradılması da dövlətimizin müasir çağırışları özündə əks etdirən islahatlar prosesinin tərkib hissəsidir. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları əsasında imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə,  qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranır. O da bildirilir ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda həyatın hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var. Həmin sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyinin yaradılması və son üç ildə həyata keçirdiyi layihələr, atdığı addımlar  azad medianın inkişafına, jurnalist peşəkarlığının artırılmasına böyük töhfələrdir.  Keçirilən “Media savadlılığı” mövzusunda konfrans da bunun bariz nümunəsidir.

 Vüqar Rəhimzadə bildirib ki, media savadlılığının artırılması davamlı prosesdir. Jurnalistin dövrün tələblərinə uyğun olaraq daim təkmilləşməsi mütləqdir. Təbii ki, bu kimi təkmilləşmələr,  peşəkarlığın artırılması mediada  yayılan məlumatın dəqiqliyini, yaxud reallığı əks etdirmədiyini müəyyənləşdirməyə yardımçı ola bilər. Dövlətimizin başçısı İlham Əliyev bu ilin iyulunda yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusunda keçirilən  2-ci Şuşa Qlobal Media Forumunda “Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır” sualını cavablandırarkən bildirdi ki, təəssüflər olsun  bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilib. Bəzən  təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur: “Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.”

 Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, demokratik inkişafın mühüm göstəricilərindən biri kimi çoxsaylı mətbu orqanların fəaliyyəti, eyni zamanda, yayılan informasiyaların bolluğu fonunda məlumatların dəqiqliyinin müəyyənləşdirilməsi təbii ki, bacarıq tələb edir. Bu da öz növbəsində  media savadlılığının artırılmasını aktuallaşdırır. 2022-ci ildə qəbul olunan yeni “Media haqqında” Qanunda da bu, əsas tələb kimi irəli sürülür.

phrase_var_article.chosen
51
8
ikisahil.az

8phrase_var_article.sources