AZ

Azərbaycan hüquq elminin inkişafına böyük töhfələr vermiş alim - Anar Bağırov yazır

Azərbaycan hüquq elmi öz dərin kökləri və parlaq simaları ilə həmişə seçilib, lakin bu elmin müstəqil inkişafında, onun müasir səviyyəyə çatmasında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biri də professor Məsumə Məlikovadır. Azərbaycan hüquq elminin inkişafına böyük töhfələr vermiş bu görkəmli alim hüquq elmləri doktoru alimlik dərəcəsini almış ilk azərbaycanlı qadın olmaqla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor və əməkdar hüquqşünas kimi də geniş tanınır. Bu kitab, Məsumə xanımın 95 illik yubileyinə həsr edilmişdir və onun Azərbaycan hüquq sisteminə verdiyi əvəzsiz töhfələri, yüksək insani keyfiyyətlərini, dəyərli elmi fəaliyyətini özündə əks etdirir.

Məsumə Məlikovanın həyat və yaradıcılıq yolu biz hüquqşünaslara elmə və təhsilə sadiqlik, peşəkarlıq və fədakarlıq nədir sualının tam dolğun cavabını verir. İlk dəfə olaraq Azərbaycanda milli siyasi və hüquqi fikrin öyrənilməsinin əsaslarını yaratmış bu böyük hüquqşünas alim, hüquq elmində yeni cığır açmaqla müvafiq məktəbin formalaşmasına nail olmuşdur. O, Azərbaycanda siyasi və hüquqi təlimlər tarixinin problemli tədqiqat metodunu tətbiq edərək bu sahəyə elmi yanaşma gətirmişdir. Məsumə xanımın əsərlərində maarifçilik ideologiyasının meydana gəlməsi və təşəkkül tapması konsepsiyasının, eləcə də bu ideologiyanın qədim dövrlərdən başlayaraq inkişafının dövrləşməsinə dair elmi əsaslandırmalar verilmişdir. Həmçinin onun elmi tədqiqat obyektləri sırasında ümumi dövlət və hüquq nəzəriyyəsinin, Azərbaycanın və xarici ölkələrin dövlət və hüquq tarixinin mühüm problemləri yer alır.

Məsumə xanımın hüquq nəzəriyyəsinə dair yazdığı əsərlər və apardığı elmi araşdırmalar Azərbaycan hüququ üçün dəyərli mənbə olmuş, hüquqşünasların dərin biliklərə yiyələnməsində mühüm təsir göstərmişdir. Dövlət və hüquq nəzəriyyəsi və tarixi sahəsində apardığı dəyərli araşdırmalar, bu sahəyə dair dolğun fundamental biliklər aşılayan əsərləri, bütün Azərbaycan hüquqşünaslarının stolüstü kitabına çevrilmişdir. Bu səbəbdən onun irsi təkcə Azərbaycanın deyil, bütünlükdə regionun hüquq sahəsi üçün əvəzsiz xəzinə sayılır.
Professor M.Məlikovanın tələbələri arasında olmaq mənim üçün böyük bir şərəf və dəyərli bir təcrübə idi. Onun dərsləri həm hüququn nəzəri əsaslarını, həm də onun praktik tətbiqlərini dərindən öyrədirdi. Məsumə xanımın tələbələri üzərindəki dərin təsiri, hər birimizə həmişə ədalətin müdafiəçisi olmaq, hüquqşünaslıq peşəsini ən ali etik dəyərlərlə icra etmək kimi dəyərli fikirlər aşılamasındadır. O, hüquqi biliklərin yalnız qanunlardan, məcəllələrdən ibarət olmadığını, hüququn əslində bir vicdan, ədalət işi olduğunu vurğulayırdı. Ədalətə və insan haqlarına xidmət etməyin vacibliyini hər birimizə sevgi və fədakarlıqla izah edirdi. Bu dəyərlər onun tələbələrində hər zaman dərin iz buraxaraq, bizə hüquq sahəsindəki fəaliyyətimizdə yol göstərir.

Onun həm elmi, həm də pedaqoji fəaliyyəti hər zaman yenilikçi yanaşması ilə seçilmiş və daim gənclərin elmi dünyagörüşünün inkişafına yönəlmişdir. Gənc hüquqşünasların yetişdirilməsində xüsusi səbir və fədakarlıq nümayiş etdirən Məsumə xanım hər bir tələbəsinə fərdi yanaşaraq onların güclü tərəflərini üzə çıxarmağa çalışırdı. Onun tövsiyələri və elmi rəhbərliyi altında hazırladığımız yazılar, məqalələr belə biz gələcək hüquqşünaslar üçün qiymətli təcrübə mənbəyi idi. Bütün bu fəaliyyətləri ilə Məsumə Məlikova Azərbaycan hüquq elminin mərkəzində olan, onu gələcək nəsillərə düzgün və sarsılmaz bir şəkildə ötürən parlaq şəxsiyyətdir.

Azərbaycan hüquq sisteminin təkamülündə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasında və hüquq elminin müxtəlif sahələrdə təkmilləşdirilməsində Məsumə Məlikovanın rolu danılmazdır. Onun bu sahədə apardığı dərin tədqiqatlar və nəzəri təhlillər, hüquqşünaslıq üzrə təhsil sistemimizin beynəlxalq arenada rəqabət qabiliyyətli olması yolunda atılan vacib addımlardır. Təkcə nəzəriyyə ilə kifayətlənməyən Məsumə xanımın ölkənin məhkəmə, prokurorluq və digər hüquqi strukturları ilə sıx əməkdaşlıq etməsi, hüquq elmini praktikaya yaxınlaşdırmaq istiqamətində apardığı işlər Azərbaycan hüquq elmi üçün böyük qazanc olmuşdur.
Bu gün, Məsumə xanımın tələbəsi olaraq onunla bağlı xatirələrimi bölüşmək mənim üçün xüsusi bir önəm daşıyır. Bizim müəllimimiz kimi o, bizə hüququn sadəcə bir peşə deyil, bir həyat fəlsəfəsi olduğunu öyrətdi. Onun bizə dediyi mühazirələr, onunla apardığımız müzakirələr bizə hüququn mənasını dərk etmək üçün unudulmaz imkanlar yaradırdı. Hüquq dünyasına ilk addımlarımızda bizə doğru yolu göstərən, mənəvi güc və dayanıqlıq verən bu böyük, dahi şəxsə dərin minnətdarlığımı bildirirəm.

Seçilən
45
aznews.az

1Mənbələr