AZ

Böyük Qayıdışa böyük addımlarla

2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzura 34 min 500 ailə köçürüləcək

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra əsas hədəflərdən biri də işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması idi. Məhz bu səbəbdən də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bundan başqa, Prezident İlham Əliyevin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» təsdiq edilib. Dövlət başçısının tapşırığına əsasən, artıq 4 ildən çoxdur ki, bu istiqamətdə genişhəcmli layihələr həyata keçirilməklə Böyük Qayıdış Proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzura 34 min 500 ailə köçürüləcək.

Xatırladaq ki, 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bərpa-quruculuq işlərinə toplam 22 milyard manata yaxın vəsait, (o cümlədən 2025-ci ildə 4 milyard manat) ayrılıb. Artıq uğurlu nəticələr də mövcuddur. Belə ki, həmin ərazilərə bugünədək 2417 ailə, yəni 9306 nəfər keçmiş məcburi köçkün göçürülüb. Əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun – digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir.

Qarabağın təbiəti yaranışından Tanrı möcüzəsi hesab olunub. Buradakı təbiətin zənginliyi və gözəlliyi insanın sağlam həyatıdır, bol ruzisidir, yaşam həvəsidir. Hətta alimlərin araşdırmalarında bildirilir ki, məhz təmiz havasına görə Şuşa dünyada İsveçin Umea şəhərindən sonra sonra ikinci yeri tutur. Ancaq acı təəssüf hissi ilə qeyd etmək lazımdır ki, barbar ermənilərin 30 ildən çox işğal altında saxladıqları Qarabağımız və Şərqi Zəngəzurumuzun təbiəti vəhşicəsinə talan olundu, 10 dan çox şəhərimiz, on min hektarlarla meşələrimiz, yüzlərlə kənd və qəsəbələrimiz talan və darmadığın edildi, çaylarımız zəhərləndi, quruduldu. Bir sözlə, cənnət Qarabağımız xarabazarlığa çevrildi, ekoloji fəlakətə məruz qaldı.

Bu gün Qarabağımızda və Şərqi Zəngəzurumuzda hər tərəf qara bürünüb. Buranın hər fəslində təbiət mənzərələri könül və göz oxşayır. Şaxtalı havalara rəğmən orada işləyənlərin və köçüb yaşayanların qəlbində əsl yaz havasıdır. Çünki azad olunmuş torpaqlarımız da öz sahiblərinin isti nəfəsinə həsrətin vusalını yaşayırlar. Bir də onun üzərinə burada gedən abadlıq və quruculuq işlərini gəlsək - əsl ürək açan, göz oxşayan, ruha qida verən mənzərəni görmüş oluruq. Bütün bunlar bir daha göstərir ki, ermənilər nə qədər vəhşi və dağıdıcıdırsa, Azərbaycan xalqı o qədər qurucu və yaradıcı xalqdır. Bax, bu fərqi görməyən və anlamayan Avropanın ədalətinə və humanistliyinə qətiyyən inanmaq mümkün deyil.

 Bəli, bu gün həm Qarabağa, həm də Şərqi Zəngəzura Böyük Qayıdış davam edir. Bu məsələni Azərbaycan dövlətinin prioritet istiqaməti elan edən Prezident İlham Əliyev postmüharibə dövründə bu yöndə böyük işlər həyata keçirib. Məhz dövlət başçısının siyasi iradəsinin nəticəsidir ki, onilliklər boyu düşmənin viran qoyduğu ərazilərimizdə indi həyat qaynamağa başlayıb. İndi Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən 10 min kvadratkilometr ərazidə böyük tikinti-quruculuq işləri aparılır. Xüsusilə burada böyük infrastruktur layihələri həyata keçirilir. Dəmir yolları, avtomobil magistralları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir, «ağıllı kənd» və «ağıllı şəhər»lər salınır. Qısa zaman kəsiyində Füzuli və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi isə görülən işlərin möhtəşəmliyini bir daha nümayiş etdirir.

Məlumdur ki, Qarabağ və Zərqi Zəngəzur iq­tisadi rayonları təbii sərvətlərlə zəngindir. Məhz bu səbəbdən də təcavüzkar Ermənistanın işğalının davam etdiyi 30 ildə on milyonlarla dollar həcmində təbii sərvətlərimizi talan edərək xarici ölkələrə ötürüb. Həm də bu zaman erməni vandalları cənnət məkan yurdumuzun ekoloji tarazlığını barbarcasına pozublar. Fauna və floraya vurulan maddi zərərin həcmi təxminən 15 milyard manatdan çoxdur. Onların bərpası üçün ölkəmizə bir xeyli vəsait və vaxt lazımdır.

Lakin bütün bunlara rəğmən indiki məqamda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın canlanması məqsədilə investisiya cəlbediciliyinin artırılmasını da ön plana çıxarıb. Xüsusilə burada zəngin təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi böyük perspektivlər vəd edir. Qarabağ və Zərqi Zəngəzur iq­tisadi rayonlarında müxtəlif növ mi­neral yataqlar var. Bölgə sink, qur­ğuşun, mis, qızıl, pirit və dəmir ya­taqları ilə zəngindir. Müasir istehsal texnologiyalarından istifadə etməklə bu yataqların istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verə bilər. Bölgə həm də mi­neral su ehtiyatları ilə zəngindir. Həmin sular tərkibində olan müalicəvi elementlər ilə qiymətlidir. Bir sözlə, bölgədə aqrar sektorun inkişaf etdiril­məsi, emal müəssisələrinin yaradıl­ması və onların modernləşdirilməsi üçün sahibkarlara geniş imkanlar açılıb.

İşğaldan azad olmuş ərazilərdə sahibkarların da yeni infrastrukturun qurulmasında iştirakları üçün münbit şərait yaradılıb. İndi Qarabağ və Şərqi Zəngəzurda 100-ə yaxın sahibkar həm də tikinti sektorunda çalışır. Burada tikilən sosialyönümlü müəssisələrin, təhsil ocaqlarının inşasında onların fəaliyyəti danılmazdır. Eyni zamanda, hazır­da Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sənaye, kənd təsər­rüfatı müəssisələrinin maliyyələşməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) da yaxından iştirak edir. Fond aq­rar sektorda emal müəssisələrinin yaradılması, mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi üçün güzəştli kre­ditlər verir. Bu siyahıya aqropark və fermer təsərrüfatlarının yaradılma­sı və ya genişləndirilməsi, ətlik və südlük cins iribuynuzlu və digər heyvandarlıq komplekslə­rinin, əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, pambıqçılıq, üzümçü­lük təsərrüfatlarının yaradılması və sair daxildir. 

Həmçinin bildirib ki, SİF 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara da dəstək göstərir . Belə ki, 2022–2023-cü illər ərzində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən yerli sahibkarla­rın 10-dan çox layihəsinin maliyyələşdirilməsi üçün Fond tərəfindən 15 milyon manat güzəştli kredit verilib. Cari il ərzində də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi prioritetlərdən biri kimi qalır.

Qeyd edək ki, tətbiq olunan güzəştlər iri sahibkarlarla yanaşı, kiçik və orta sahibkarların da işğaldan asad olunmuş ərazilərə investisiya yatırmağa marağını artıran əsas məsələdir. Onla­rın bölgəyə marağını artıracaq digər amil isə buranın logistik mərkəzə çevrilməsi­dir. Yəni, Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarının beynəlxalq və re­gional nəqliyyat-logistika mərkəzinə çevrilməsi sahibkarların qlobal ba­zarlara çıxış imkanlarını artıracaq. Bu, işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilməsində əhəmiyyətli rola malik olacaq.

Elçin Zaman, «İki sahil»

Seçilən
31
ikisahil.az

1Mənbələr