“2021-ci ildə tətbiqimizə başdan-başa onlayn kredit və kart sifarişi imkanlarını gətirməklə “Birbank”ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz bu yeniliyi çox gözəl qarşıladılar. Hazırda aylıq 3 milyondan çox aktiv müştərisi ilə “Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilə bilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bankın gələcək planları daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir:
“Buna görə də, biz 2025-ci ilin 1-ci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edirik. Bu, “Kapital Bank”ın tamamilə yox olacağı mənasına gəlmir. Siz “Kapital Bank”ı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə “Birbank” brendi üzərindən təqdim edəcəyik.
Biz də, müştərilərimiz də artıq “Birbank”lı olacağıq. Sual versəniz ki, bu müştərilərə yanaşmada nəyisə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. “Birbank”ı xarektirizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır.
Bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri “Birbank” saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, “Kapital Bank” filialları da “Birbank” filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək”.
“Müştərilərimiz bizi “Birbank” brendi kimi tanıyırlar. Biz ölkənin ilk rəqəmsal bankıyıq. Amma yeni filiallarımız da açılır və yəqin ki, yenə də bu proses davam edəcək”.
Tədricən 2-3 il ərzində filiallar da “Birbank” adına keçiriləcək. Qarabağ zonasında bu il 3 filial açmışıq. Şuşada gələn il filial açılacaq. Orada təmir artıq bitmək üzrədir. Kommunikasiyamızda da daha çox “Bir” brendini görəcəksiniz”, - İdarə Heyətinin sədri vurğulayıb.
Gülnar Əliyeva