Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirilən məsələlərdən biri sülh müqaviləsinin imzalanması üçün mühüm şəraitin mövcud olduğu bir zamanda Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması oldu. Azərbaycan dövlətinin başçısı bildirdi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür. Bu silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır. Bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Azərbaycan Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına buna son qoymağı çatdırıb. Amma təəssüf ki, səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.
Təbii ki, Azərbaycan adekvat tədbirlər görməyə məcburdur. Tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim hərbi qüdrətimizin artırılmasının vacibliyini xüsusi qeyd edir. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərində nəzərəçarpan artım da bunun bariz nümunəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bu çağırış xüsusi qeyd edildi ki, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağı istisna deyil. Buna hər zaman hazır olmalıyıq. Ötən ilin sentyabr ayında bir günlük lokal antiterror tədbirlərinə qədər Ermənistanın törətdiyi hərbi təxribatlar, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməkdən yayınması bu məsələnin aktuallığını bir daha sübut edir. Ermənistanın bütün bu cəhdləri sonda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərini həyata keçirməsini qaçılmaz etdi. Azərbaycan Silahlı Qüvvələri növbəti dəfə gücünü, qüdrətini nümayiş etdirdi, yeni Zəfərə imza atdı. Ordu quruculuğu istiqamətində addımların davamlılığı yeni dövrün hədəfləri sırasında da xüsusi yer tutur. Bu günlərdə Milli Məclisdə qəbul olunan 2025-ci ilin dövlət büdcəsindən ayırmalarda da müdafiə xərclərinin artırılması diqqətdən kənarda qalmır. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq. Təhdidlər olmasaydı, xərcləməzdik. Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik: “Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər.” Prezident İlham Əliyev bu çağırışı da etdi ki, həm danışıqlar prosesi, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.
Vüqar Rəhimzadə müsahibədə jurnalistin “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına dövlətimizin başçısı İlham Əliyevin cavabına da diqqəti yönəldib. Ölkə Prezidenti cavabında qeyd etdi ki, xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur.
Azərbaycan və Türkiyə bir-biri ilə sıx tellərlə bağlı iki dost, qardaş, müttəfiq ölkələrdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Həmin vaxtdan iki dost ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlıq mövcuddur. Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. İki ölkə arasında imzalanan Müttəfiqlik Bəyannaməsinə əsasən həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyi var ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Dövlətimizin başçısı İlham Əliyev bu sənədə istinadən bildirdi ki, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Türkiyə ilə Azərbaycan hər il 10-dan çox birgə təlim keçirir. Bu təlimlərin yarısı Azərbaycanda, yarısı Türkiyədə keçirilir.
Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müsahibədə söylədiyi fikirlərin hər biri mühüm çağırışdır. Ölkə Prezidenti regionda dayanıqlı sülhün təmin olunmasında vacib amillərdən biri kimi sülh müqaviləsinin imzalanmasını önə çəkərək onu da vurğuladı ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqamdan birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. Burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də konstitusiyanın dəyişdirilməsi Azərbaycanın istəyi deyil, sadəcə obyektiv şərtdir. İkinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir.
Vüqar Rəhimzadə ATƏT-in Minsk qrupunun artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradıldığını, 28 illik fəaliyyəti dövründə heç bir nəticə əldə etmədiyini, neytrallığı qorumayaraq daim Ermənistana dəstək missiyasını yerinə yetirdiyini önə çəkərək belə bir qurumun fəaliyyətinin yenidən canlandırılmasının Ermənistanın və ona havadarlıq edən dövlətlərin marağında olduğunu bildirib. O, dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində yer alan “Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?” fikirlərinə xüsusi diqqət yönəldib.