AZ

Bakıda 23 yaşlı gənc xanım plastik cərrahın qurbanı oldu

“Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan Mərcan Klinikasında baş verib”.

Teleqraf.com xəbər verir ki, bunu Amerikada yaşayan jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb.

O bildirib ki, baş verən hadisələri Nərmin İsgəndərovanın anası Şahnaz Mehdiyeva danışıb.

“Nərminin anasının dediyinə görə qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib”.

Şahnaz Mehdiyeva səs yazısında təfərrüatları belə açıqlayıb: “Qızımın halı pisləşəndə həkim ona boyun olmadı və onu başqa xəstəxanaya yönləndirdi. Günü 180 manatdan orda qalmalı imiş. Nərminin imkanı olmadığı üçün getməyib, evdə müalicə olunub. Dekabrın 17-də səhər 8-ə işləmiş dərman almağa gedəndə səkidə yıxılıb rəhmətə gedib. Onun dörd yaşında qızı qalıb. Həkim telefonlara cavab vermir. Müstəntiq deyir ki, dördüncü xəstədir ki, onun əlində ölüb”.

Qənirə Ataşova isə qeyd edib ki, iddialara görə Nurlan Həsənli Azərbaycan Tibb Universitetinin məzunu olmayıb, Rusiyada təhsil alıb.

“Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nərmin İsgəndərova Bəylər qızı bu il noyabrın 20-də əməliyyat olunub.

Mərcan Klinikasının baş həkimi Araz Ağayev Teleqraf.com-a açıqlamasında Nərmin İsgəndərovanın əməliyyatının sözügedən klinikada olması faktını təsdiqləyib.

“Bu barədə mən dünən xəbər tutmuşam. Noyabrın 20-də Nərmin İsgəndərova bizim klinikada əməliyyat olunub. Əməliyyatı icra edən plastik cərrah Oruc Məmmədovdur. Nurlan Həsənli Rusiyada oxuyub Azərbaycanda sənədləri təsdiqlənmədiyinə görə biz onu həkim kimi qeydiyyata almamışıq. O bizim klinikada həkim köməkçisi və marketinq işçisi kimi qeydiyyatdadır. O heç bir əməliyyat icra etməyib.

Nərmin xanımın əməliyyata heç bir əks göstərişi olmayıb. Əməliyyat olunandan sonra kafi vəziyyətdə evə yazılıb. Mətbuatda oxuduğuma görə guya bizə müraciət edib onu başqa yerə yönləndiriblər. Amma məndə olan məlumata görə xanım bir neçə dəfə xəstəxanamıza dəvət olunub. Səbəb yaraya baxmaq, nəzarət etmək üçün...Bu barədə yazışmalar var, mənə də göstərdilər. Dəfələrlə dəvət olunmasına baxmayaraq xəstə bura gəlməyib. Biz də gedib evində nəzarət edə bilmərik, onun evində hansı müalicələr etməsini bilə bilmərik.

Hazırda Oruc bəy də Nurlan bəy də klinikamızda çalışır. Bu gün müstəntiqin yanında olublar, Oruc həkim də izahatını verib gəlib. Allah rəhmət eləsin, baş verən hadisəyə görə biz də təəssüf edirik”.


Müəllif: Nərmin
Seçilən
49
7
teleqraf.com

6Mənbələr