Paytaxtda tələbələrin kirayə mənzil problemi hər zaman aktual məsələlərdəndir. Tələbələrin bir çoxu regionlardan gəldiyi üçün kirayə mənzillər axtarsalar da onlar da kirayə qiymətlərinin bahalı olmasından şikayət edir. Bəs görəsən bu məsələnin həlli üçün nələr etmək zəruridir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Moderator.az-a danışdı.
O qeyd edib ki, hazırda tələbələrin yataxana problemi ciddi mövzulardan biridir:
"Paytaxtda yerləşən ali təhsil ocaqlarına bölgələrdən gəlib təhsil alan tələbələrimizin sayı çoxdur. Bu tələbələrin yataqxana təminatı ilə bağlı kifayət qədər problemləri var.
Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını uzunmüddətli işğalı dövründə məcburi köçkün düşən vətəndaşlarımızın müəyyən hissəsi tələbə yataqxanalarına sığındı. Həmin yataxanalarda tələbələrin yerləşdirilməsi lazım olduğu halda bu prosesin baş verməsi daha bir problemə səbəb oldu. Bu kontekstdən də yanaşanda görürük ki, Ernənisntan təkcə ərazilərə deyil, vətəndaşlarımıza da nə qədər maddi və mənəvi ziyan vurub. Onların vaxtında törətdiyi fəsadlar 30 il keçsə də, hələ davam edir.
Ümumilikdə isə bu gün kirayə mənzillərin qiymətləri bahadır. Bir tələbənin ödəyə bilməyəcəyi şəkildə kirayə qiymətləri var. Bəzən də görürük ki, 4-5 tələbə yığışıb birotaqlı evdə qalır. Könül istər ki, hər bir ali təhsil müəssisəsinin öz yataqxanası olsun və tələbələrimiz yataqxanalarda yerləşə bilsinlər. Düzdür, bəzi universitetlrin öz yataqxanaları var. Dövlət təhsil müəssisələrində yataqxana şəraiti normal və qaydasında olan 10-12 universitet var.
Biz digər universitetlərimizin də yataqxana şəraitini yaxşılaşdırmalı və əlçatan etməliyik. İstər qiymət, istər infrastrukltur baxımından tələbələr hər hansı şərtlərlə yataqxanalara yerləşəndə əziyyət çəkməməlidirlər. Bilirsiniz ki, yataqxanalar ödənişlidir, bunların da qiyməti əlçatan olmalıdır".